Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri Gəncə şəhərində geniş konsert proqramı ilə başa çatıb.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat veriib.
Oktyabrın 15-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konserti idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər izləyiblər.
Qardaş ölkənin tanınmış ifaçı və kollektivlərinin təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.
Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları türkmən həmkarları ilə bir səhnəni bölüşüb, iki xalqın dostluğunu tərənnüm edən mahnılar səsləndiriblər.
Konsert proqramı Nizami yurdunun – qədim Gəncə elinin musiqisevərlərinə unudulmaz anlar yaşadıb.
Bununla da üç gün davam edən Türkmənistan Mədəniyyət Günləri yekunlaşıb.