• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Deputat: Ədəbiyyatımız niyə dünyaya çıxa bilmir?

SİYASƏT, MƏDƏNİYYƏT

12 Noyabr 2025 | 14:28

Deputat: Ədəbiyyatımız niyə dünyaya çıxa bilmir?

“Bu gün ədəbiyyat sahəsində bəlkə ən çox narahatlıq doğuran məsələ budur: ədəbiyyatımız niyə dünyaya çıxa bilmir?”

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.

    Deputat Milli Ədəbiyyat Fondunun təsis olunmasını təklif edib: “Biz siyasətdə sözümüzü demişik, idmanla beynəlxalq arenalarda tanınmışıq. Ədəbiyyat sahəsində fəthi hələ qazana bilməmişik. Halbuki, bu gün Azərbaycanda yazıçı problemi yoxdur. Yəni, Azərbaycan yazıçılarının dünyaya çıxmamağına səbəb, əsərlərin zəifliyi yox, çıxmaq metodlarının olmamasıdır. Türkiyədə bir TEDA layihəsi var. Mədəniyyət və Turizm Nazirliyinin türk mədəniyyət, sənət və ədəbiyyat əsərlərinin xaricə çıxışına, yayılmasına dəstək layihəsidir. 20 ildir ki, fəaliyyət göstərərək xarici oxuculara Türkiyənin mədəni və ədəbi irsini öz dillərində oxumaq imkanı verir. Bununla da türk yazarların əsərlərinin beynəlxalq kitab bazarlarında görünməsi dəstəklənir. Belə bir analoji layihə bizdə gerçəkləşsə Azərbaycanın mədəni sərvətinin, ədəbi mətnlərinin dünya çapında dövriyyəsini təmin etmək mümkün olar”.

    Elnarə Akimova Milli Ədəbiyyat Mükafatının təsis olunması məsələsinə də toxunub: “Bu gün artıq artmış, böyümüş, güclənmiş, sərhədlərini təmin etmiş qüdrətli ölkəyiksə dünyaya həqiqətlərimizi həm də bədii söz vasitəsilə deməyi bacarmalı və ona sərmayə qoymaqda tərəddüd etməməliyik”.

    Deputat Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kənd filiallarının bağlanması təhlükəsini də diqqətə çatdırıb: “Məktəblilər kitab əldə etmək üçün hər dəfə rayon mərkəzinə gedə bilmir. Ümumiyyətlə, mədəniyyət evləri, kitabxanalar gənclərimizin asudə vaxtlarını səmərəli təşkili, onların pis vərdişlərdən qorunması üçün lazımı məkanlardır və bu amilə ciddi yanaşmaq lazımdır. Əvvəl daha əlçatan və müasir olan modellər yaradaq, sonra köhnəni sıradan çıxarmaq haqqında düşünək”.


    SON XƏBƏRLƏR