Prezident İlham Əliyev oktyabrın 16-da Niderlandın Azərbaycanda yeni təyin olunan səfiri Marian de Yonqun etimadnaməsini qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev ölkələr arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib.
Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğulayıb, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirib.
Hazırda Niderland şirkətlərinin Azərbaycanda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlət başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə edib.
Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın Kralı Villem-Aleksandrın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Niderlandın Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.
Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu deyib, bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğulayıb.