• Bakı 16° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Şimali Kipr Türk Respublikası 42 yaşında…

SİYASƏT

15 Noyabr 2025 | 10:02

Şimali Kipr Türk Respublikası 42 yaşında…

Bu gün Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümüdür.

Bakıvaxtı.az xatırladır ki, Kipr strateji mövqeyinə görə tarix boyu müxtəlif mədəniyyətlərin və dövlətlərin diqqətini cəlb edən bir ada olub.

Ötən əsrin 60-cı illərindən etibarən Kiprdəki türk və yunan icmaları arasında gərginlik durmadan artaraq adada siyasi bölünmənin əsasını təşkil edib.

1960-cı ildə yaradılan Kipr Respublikası mövcud gərginliyin həlli olaraq türk və yunan icmaları üçün bərabər hüquqlar və təmsilçiliyin təmin edilməsi məqsədi daşıyıb. Lakin Kirp yunanlarının adanı Yunanıstana birləşdirmək məqsədi daşıyan Enosis siyasəti Kipr türkləri üçün ciddi təhlükə yaradıb. 1963 və 1964-cü illərdəki, eləcə də sonrakı münaqişələr Kipr türk icmasının öz təhlükəsizliyini təmin etmək ehtiyacını getdikcə daha da artırıb.

Belə çətin və tarixi bir dövrdə mərhum Rauf Denktaş Kipr türk xalqının lideri kimi öz vəzifəsini şərəflə yerinə yetirib. 1960-cı illərin sonlarından etibarən Denktaş Kipr türklərinin hüquqlarını yerli və beynəlxalq platformalarda müdafiə edib və həll yolu axtarışında fəal rol oynayıb.

1974-cü ildə Yunanıstanın dəstəklədiyi Kipr yunan administrasiyası çevriliş edərək Kipr türklərinin varlığına ciddi təhdid yaradıb. Qardaş və bacılarını heç vaxt tərk etməyən Türkiyə Respublikası ciddi beynəlxalq təzyiq, təhdid və sanksiyalara baxmayaraq, tarixi Sülh Hərəkatını həyata keçirib. Əməliyyat nəticəsində Kipr türk xalqı üçün təhlükəsiz zonalar yaradılıb və ada faktiki olaraq iki yerə bölünüb.

Növbəti addım olaraq Rauf Denktaşın böyük səyləri sayəsində 1975-ci ildə Kipr Türk Federativ Dövləti qurulub və türk xalqının siyasi-inzibati muxtariyyətini təmin edib.

Nəhayət, 15 noyabr 1983-cü ildə Şimali Kipr Türk Respublikası rəsmi olaraq müstəqilliyini elan edib. Bununla da Kipr türkləri şanlı tarixlərində yeni bir fəsil yazıblar və dünyaya öz siyasi taleyini təyin etmək iradəsinə sahib olduqlarını nümayiş etdiriblər.

O zamandan bəri bütün beynəlxalq təzyiqlərə və ikili standartlara baxmayaraq, Respublikanın rəsmən tanınması ilə bağlı fəaliyyətlər davam edir. Hazırda Şimali Kipr Türk Respublikası həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Bundan əlavə, onun nümayəndəliyi 1997-ci ildən bəri Azərbaycanda da fəaliyyət göstərir.


SON XƏBƏRLƏR

14 Noyabr 2025