• Bakı 16° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Zəngəzur düyünü: Açılacaq yolun gətirdiyi ümid və tərəddüdlər

SİYASƏT

15 Noyabr 2025 | 09:12

Zəngəzur düyünü: Açılacaq yolun gətirdiyi ümid və tərəddüdlər

Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin yenidən qurulması regionun siyasi gündəminin ən kritik mövzularından birinə çevrilib.

Xüsusilə Azərbaycan–Türkiyə bağlantısını gücləndirəcək yeni marşrutların yaradılması həm iqtisadi inteqrasiya, həm də geostrateji balans baxımından böyük əhəmiyyət daşıyır. Bu kontekstdə Zəngəzur dəhlizi və onun alternativ formatı kimi təqdim olunan TRIPP layihəsi hazırkı danışıqların əsas istiqamətlərindən biridir və müxtəlif regional aktorların maraqlarını kəsişdirən mühüm bir prosesə çevrilib.

Hazırda Azərbaycan öz üzərinə düşən bütün texniki və infrastruktur öhdəliklərini tamamlayıb, növbəti mərhələ daha çox ABŞ–Ermənistan xəttində aparılan siyasi razılaşmalardan asılıdır.

Zəngəzur dəhlizi və regional kommunikasiya ilə bağlı danışıqlarda son vəziyyət nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Topçubaşov Mərkəzinin direktoru, siyasi ekspert Rusif Hüseynov bildirib ki, hazırda Azərbaycan öz üzərinə düşən bütün texniki və infrastruktur öhdəliklərini yerinə yetirib, prosesin növbəti mərhələsi artıq regional və qlobal aktorların razılaşmalarından asılı vəziyyətə keçib:

"Zəngəzur dəhlizinin alternativ konsepsiyası kimi təqdim olunan TRIPP layihəsi Azərbaycan və Türkiyəni birləşdirəcək strateji marşrut kimi formalaşır və bu layihənin siyasi, texniki və təhlükəsizlik parametrlərinin dəqiqləşdirilməsi ilin sonuna qədər gözlənilir".

Onun sözlərinə görə, nəqliyyat və logistika məsələləri danışıqların ən mürəkkəb hissəsi olaraq qalır.

"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bölgədə yeni kommunikasiyalar açılırsa, bu, müasir standartlara uyğun, maneəsiz və sərbəst tranzit prinsipi əsasında həyata keçirilməlidir. Yəni nə fiziki baryerlər, nə əlavə nəzarət postları, nə də prosesləri ləngidən formal prosedurlar olmalıdır. Ermənistan isə marşrutu təhlükəsizlik riski kimi qiymətləndirərək müəyyən nəzarət mexanizmlərinin tətbiqinə üstünlük verir. Bu ziddiyyət danışıqlarda əsas fikir ayrılığı yaradır",- ekspert diqqətə çatdırıb.

Rusif Hüseynov:  Tərəflərin mövqeləri arasında kompromis tapılması isə prosesin əsas həlledici məqamıdır

Rusif Hüseynov əlavə edib ki, bununla belə, tərəflərin razılığa gələ biləcəyi müəyyən texnoloji kompromislər də gündəmdədir:

"Məsələn, sərhəd boyunca fiziki keçid məhdudiyyətinin tətbiq olunmaması şərti ilə yük və nəqliyyat vasitələrinin yalnız skaner əsaslı monitorinqdən keçirilməsi müzakirə olunan variantlar sırasındadır. Bu model həm təhlükəsizliyi təmin edir, həm də marşrutun tranzit funksiyasını məhdudlaşdırmır. Ümumilikdə, Zəngəzur dəhlizi və TRIPP formatı üzrə danışıqların məzmunu tədricən daha konkret fazaya keçir. Regionda yeni nəqliyyat arteriyasının açılması həm iqtisadi inteqrasiyanı gücləndirə, həm də Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün mühüm elementə çevrilə bilər".

Sonda həmsöhbətimiz diqqətə çatdırıb ki, tərəflərin mövqeləri arasında kompromis tapılması isə prosesin əsas həlledici məqamıdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Noyabr 2025