• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Rusiya dollara möhtac qaldı: Putinin yuan strategiyası işləmədi

İQTİSADİYYAT

12 Noyabr 2026 | 12:58 | Müəllif: Gülşən Şərif

Rusiya dollara möhtac qaldı: Putinin yuan strategiyası işləmədi

Rusiya Qərbin sanksiyalarından sonra xarici ticarətdə ABŞ dollarından imtina edərək, onu Çin yuanı ilə əvəzləmək niyyətində idi. Hətta son iki ildə Moskva əsas ticarət tərəfdaşları ilə hesablaşmalarda Çin yuanının payını kəskin artırmışdı. Lakin ABŞ-nin son sanksiyalarından sonra Rusiya Mərkəzi Bankı xarici ticarətdə ABŞ dollarını Çin yuanı ilə əvəzləmək cəhdlərindən imtina etdiyini açıqlayıb.

Bəs, bu qərar Rusiya-Çin münasibətlərinə necə təsir edəcək? Rusiyanın bu geri addımın rublun taleyinə təsiri necə olacaq?

Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Abutalıb Səmədov bildirib ki, Rusiya rəhbərliyi dollardan imtina barədə bir neçə dəfə bəyanat versə də, bunun reallaşmasının çətin olduğunu həmişə anlayıb:

"Dollardan tam imtina etmək Rusiya üçün çox fəlakətli nəticələr doğura bilər və dolların kursunu 80 rubl səviyyəsində saxlamaq qeyri-mümkün olardı. Üstəlik, Tramp hakimiyyətə gələndən sonra Rusiyayönümlü siyasət yeritməyə başladı və demək olar ki, Putinləşdi. İlk bəyanatları da Rusiyaya haqq qazandırmaq oldu. Rusiyanı aldatıblar, Rusiya qarşı haqsızlıq görüb. Yəni, Trampın hakimiyyətə gəlməsi ilə münasibətlər yavaş-yavaş da olsa dəyişməyə başladı".

Abutalıb Səmədov: Rusiya indiki şəraitdə əvvəlki dövrlərə nisbətən özünü kifayət qədər yaxşı hiss edir

Politoloq qeyd edib ki, Rusiya bəzi hallarda Çin valyutasından istifadə etməyə başlayıb. Xüsusilə Hindistanla, Qlobal Cənub ölkələri ilə ticarətdə yuandan istifadə etməyə çalışırdı.

"Çin dünyanın ən böyük ikinci iqtisadiyyatıdır və Rusiyanın Çinə çox böyük ehtiyacı var. Nə qədər yuan çox olsa, o qədər daha çox məhsul almaq imkanı var. Ancaq bütün hallarda dollar həmişə öz ağırlığını saxlayıb, Rusiya bunu yaxşı dərk edib və bu səbəbdən mən hesab edirəm ki, artıq belə bir düşüncə Rusiya rəhbərliyində yoxdur. Xeyli vaxtdır belə bir düşüncədən imtina ediblər", - deyə müsahibimiz vurğulayıb.

A.Səmədov hesab edir ki, qərar Çinlə münasibətlərə mənfi təsir etməyəcək:

"Çinlə münasibətlər normal olaraq qalacaq. Yuan bundan sonra da bir sıra ölkələrdə ticarətdə istifadə olunacaq. Ancaq Amerika Birləşmiş Ştatlarına satılan dizelin qarşılığında dollar alınacaq. Avropa ölkələri ilə ticarət olsa, bəzilərindən dollar, bəzilərindən avro alınacaq. Rusiya indiki şəraitdə əvvəlki dövrlərə nisbətən özünü kifayət qədər yaxşı hiss edir. Xarici ticarət dövriyyəsi artıq artmaqdadır. Rusiya ən çətin günlərini artıq arxada qoyub. Çinlə münasibətlər də yüksələn xətlə davam edir. Çünki hər ikisi anlayır ki, bir-birinə lazımdırlar. Çinin də Tayvanla bağlı planları var və Rusiyanın dəstəyinə ehtiyacı var".

Politoloq onu da bildirib ki, qarşıda yeni qaz kəmərinin işə düşməsi planlaşdırılır. Ciddi planlar var və Rusiya ilə Çin arasında münasibətlər bundan sonra da yüksək səviyyədə qalacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026