İranın Ermənistandakı səfirliyinin məlumatına görə, İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Gələcəkdə burada onun büstünün də qoyulması planlaşdırılır. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi İrəvana səfəri çərçivəsində xatirə lövhəsinin açılışında iştirak edib.
Azərbaycan tərəfi bu addımı tarixi kimliyin təhrif edilməsi, Azərbaycan xalqının mədəni-dini irsinin mənimsənilməsi və sülh səylərinə qarşı təxribat kimi qiymətləndirib.
Azərbaycan bu məsələ ilə bağlı UNESCO və İslam Əməkdaşlıq Təşkilatı qarşısında məsələ qaldırmalıdırmı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi elmlər doktoru, dosent Elnur Kəlbizadə bildirib ki, Azərbaycan maddi-mədəni irsinin nümunəsi olan İrəvan şəhərindəki Göy məscid Ermənistan ərazisində mövcudluğunu qoruyan çox nadir abidələrdən biridir.
Onun sözlərinə görə, İrəvan şəhərində hətta Sovet hakimiyyəti illərində belə mövcudluğu qorunan Azərbaycan müsəlmanlarına məxsus bir sıra dini abidələr XX əsrin 80-ci illərindən etibarən dağıdılıb:
"XX əsrin 80-ci illərindən etibarən 1678-ci ildə inşa edilən Təpəbaşı, XVIII əsrə aid Sərtəpə, 1898-ci ildə inşa edilən Cəfəri məscidləri demək olar ki, yer üzündən silinib. XVII əsrin tarixi memarlıq abidəsi sayılan Zal xan məscidi İrəvan şəhərinin indiki Respublika Meydanı adlandırılan mərkəzi hissəsində yerləşmişdi. Hələ 1926-cı ildə böyük zalı dağıdılmış bu məscidin yerində erməni memarı Nikolay Bünyatyanın müəllifliyi ilə “Yeravan” oteli (İnturist oteli) inşa edilmişdi. 1999-cu ilə qədər aparılan bərpa işləri zamanı isə ərazidə məscidin varlığından xəbər verən bütün izlər silinmişdi. İrəvan şəhərində Hacı Cəfər bəy tərəfindən XX əsrin əvvəllərində inşa etdirilmiş Çətirli (Dəmirbulaq) məscidi isə 1988-ci ilin fevralında ermənilər tərəfindən yandırılmışdı. Məscid Myasnikyan rayonunun Nərimanov küçəsi 145 ünvanında yerləşirdi".
Müsahibimiz qeyd edib ki, sonradan beynəlxalq təzyiqlərdən yayınmaq üçün Ermənistan hökumətinin tapşırığı ilə Dəmirbulaq məscidinin yanmış divarları rənglənmişdi. 1991-ci ildə İrəvana səfər edən ABŞ-dən olan tədqiqatçı Robert Kullen “The New Yorker” qəzetində çap etdirtiyi məqaləsində məscidin ling və bulduzerlər vasitəsi ilə dağıtması haqqında məlumat vermişdi. 2000-ci ildə İrəvanda səfər olan Tomas de Vaal burada sadəcə boş bir sahənin olduğunu yazmışdı.
İrəvandakı Göy məscidlə bağlı yeni saxtalaşdırma halının da yaşandığını bildirən E.Kəlbizadə hesab edir ki, hələ XX əsrin 80-ci illərinin sonlarında məscidin fəaliyyətinin bərpası üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bütün ermənilərin katolikosu I Vazgenə müraciət etsə də bu, yerinə yetirilməmişdi:
"Məsələni SSRİ Nazirlər Soveti yanında dini işlər üzrə səlahiyyətli nümayəndənin vasitəsi ilə də həll etmək mümkün olmamışdı. 1995-ci ildən sonra İran və Ermənistan ciddi-cəhdlə məscidi "İran və ya fars məscidi" kimi təqdim etməyə çalışıb, İran bu türk-müsəlman abidəsini özününküləşdirmək üçün addımlar atıb. 1995-ci ildə İranla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən məsciddə "bərpa və yenidənqurma" adı altında əslində onun tarixinin dəyişdirilməsi və saxtalaşdırılması işlərinə başlanılıb. İşlər İranın "Bünyad-e Müstəzəfan və Canbazan" ("Müharibə veteranları və şəhidlər") xeyriyyə fondu tərəfindən həyata keçirilib".

Elnur Kəlbizadə: Ölkəmiz İƏT-in üzvü kimi məsələni təşkilatın müvafiq siyasi və mədəni platformalarında qaldıra bilər
Müsahibimiz vurğulayıb ki, İran İslam Respublikasının Ermənistandakı səfirliyinin mədəniyyət müşavirliyinin materiallarında yazılır ki, sovet dövründə və XX əsrin 90-cı illərində baxımsızlıq, şiddətli rütubət və yağışlar səbəbindən məscidin bir çox hissələrində dağıntılar meydana çıxıb, bəzi hissələrdə bitən ağac və kollar bu tarixi tikiliyə ciddi ziyan vurub.
"Yəqin ki, həmin hissələr məsciddəki türk kimliyinin izlərini özündə yaşadan hissələr olub. Bu isə həmin hissələrin dəyişdirilməsi üçün bəhanə idi. Amerikan müəllifi Tomas de Vaal sonralar məsciddə "bərpa" işlərinin necə aparıldığından bəhs edərkən yazırdı ki, onun tarixi daşlarının yerinə "qırmızı erməni kərpicləri və firuzəyi fars plitələri əlavə edilib". İranlı "memarlar" isə məscid divarları üzərində isgənə ilə hansısa işlər aparıblar", - deyə həmsöhbətimiz əlavə edib.
E.Kəlbizadə bildirib ki, İranın Mədəniyyət müşavirliyinin istifadəsinə verilmiş abidənin üzərində indi də növbəti saxtalaşdırma işlərinin şahidi oluruq:
"Təbii ki, vaxtilə erməni drujinalarının tərkibində Anadoluda müsəlman-türk əhalisinə qarşı qırğınların törədilməsində iştirak etmiş, əslən Maku ermənisi olan yazıçı Yeqişe Çarentsin adının Göy məsciddəki salona verilməsi təkcə Azərbaycanın maddi-mədəni irsinə deyil, ümumilikdə soyqırıma uğradılmış insanların ruhuna təhqirdir. Məgər İranın vitse-prezidenti olan Seyid Həmin Pourmohammadi bunu bilmirmi? 1972-ci il UNESCO-nun ümumdünya mədəni və təbii irsin qorunması haqqında sənədlərində tarixi abidələrin tarixi-memarlıq və dini identikliyinin qorunması zəruridir. Yeqişe Çarentsin isə məscidin nə milli, nə dini identikliyinə heç bir aidiyyəti yoxdur. Deməli, onun adının salonlardan birinə verilməsi Göy məscidin identikliyini pozur. Gələcəkdə burada büstün quraşdrırılması isə məscidin tarixi interyerinin, memarlıq elementlərinin təhrif edilməsi deməkdir".
Azərbaycan tərəfinin bu məsələ ilə bağlı ata biləcəyi addımlara toxunan müsahibimiz qeyd edib ki, ölkəmiz İƏT-in üzvü kimi məsələni təşkilatın müvafiq siyasi və mədəni platformalarında qaldıra bilər.
"İslam Əməkdaşlığı Təşkilatının müxtəlif qurumlarının əvvəlki qərarlarında İslam müqəddəs yerlərinin qorunması məsələsi birbaşa əks olunub. Həmin qərar və qətamələrə istinad edilərək məsələnin müzakirəyə çıxarılması mümkündür", - deyə Elnur Kəlbizadə əlavə edib.
Xatırladaq ki, İrəvandakı Göy məscid Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı mühüm abidələrdən biridir. XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilən məscid İrəvan xanı Hüseynəli xanın adı ilə bağlıdır.
Gülşən Şərif
















