• Bakı 17° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Tbilisidə diplomatiya meydanı: Gürcüstan-Aİ arasındakı gərginlik daha da artacaq

SİYASƏT

16 Oktyabr 2025 | 13:42

Tbilisidə diplomatiya meydanı: Gürcüstan-Aİ arasındakı gərginlik daha da artacaq

Gürcüstanın daxili siyasi prosesləri ilə beynəlxalq diplomatik münasibətlərin toqquşduğu yeni bir mərhələ yaşanır.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisidə etiraz aksiyasında iştirakı və Gürcüstan hökumətinin onunla görüşdən imtina etməsi artıq regionda rezonans doğurub. Bu hadisə təkcə diplomatik etikaya dair müzakirə mövzusu deyil, həm də Gürcüstan–Avropa İttifaqı münasibətlərində onsuz da hiss olunan gərginliyin daha da dərinləşməsinə səbəb ola bilər.

Hadisənin fonunda Qərbin Tbilisidən gözləntiləri, Gürcüstan hökumətinin suveren qərarlarında israrı və regionda Rusiya–Qərb balansının həssaslığı bir daha diqqət mərkəzinə çıxır. Belə bir şəraitdə Valtonenin aksiyadakı iştirakı sıradan diplomatik jest deyil, əksinə, siyasi mesaj daşıyan addım kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, baş verən hadisənin, yəni ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Gürcüstana rəsmi səfəri çərçivəsində hakimiyyət əleyhinə keçirilən etiraz aksiyasında iştirakı və bu səbəblə də Gürcüstan hökumətinin onunla nəzərdə tutulan görüşdən imtinası təbii ki, Gürcüstan-Avropa İttifaqı münasibətlərində onsuz da mövcud olan gərginliyi daha da artıracaq: 

"Qərbin Gürcüstandan istəyi məlumdur. Rusiya ilə məsafə saxlamaq, Qərb institutlarına inteqrasiyanı sürətləndirmək və ən əsası da Gürcüstanda Qərbin maraqlarından çıxış edən hakimiyyətin formalaşması. Qalan məsələlər, yəni Gürcüstan hakimiyyətinin qəbul etdiyi və Qərb tərəfindən kəskin etirazla qarşılanan “Xasrici agentlər haqqında” Qanun, aksoyaların məhdudlaşdırılması, azadlırlar və s. məsələlər hakimiyyətə təzyiq üçün sadəcə bəhanədir".

Rəşad Bayramov: Bu məsələdə Baş nazir və ya Gürcüstan hökumətini günahlandırmaq mümkün deyil

Onun sözlərinə görə, əgər söhbət həqiqətən də aksiyalara icazə və ya hüquq və azadlıqlar məsələsi olsaydı, ATƏT-in fəaliyyətdə olan sədri o məntiqlə səfərdə olduğu Ermənistanda da müxalifətin aksiyalarında iştirak edər, onların dinc olduğunu bəyan edər və hakimiyyətə bu aksiyalara maneçilik törətməməklə bağlı çağırışlar edərdi: 

"Odur ki, bu məsələdə Baş nazir İrakli Kobaxidzeni və ya Gürcüstan hökumətini günahlandırmaq mümkün deyil. Düşünürəm ki, istənilən dövlətdə belə bir hadisə baş versəydi hakimiyyət təmsilçiləri eyni mövqe sərgiləyər və görüşdən imtina edərdilər. Çox böyük ehtimalla Elina Valton də həmin aksiyada iştirak edərkən hakimiyyətin buna məhz bu şəkildə təpki verəcəyini bilirdi. Başqa sözlə, düşünürəm ki, ATƏT sədri görüşdən imtina məsuliyyətinin məhz hakimiyyətin üzərinə qoyulması üçün həmin aksiyada iştirak edib və müvafiq bəyanat səsləndirib".

Həmsöhbətimiz əlavə edib ki, bu hadisədən sonra Gürcüstan üzərinə Avropa institutları tərəfindən təzyiqin daha da artacağı və Gürcüstan daxilində Qərbə bağlı qüvvələrin daha da aktivləşdiriləcəyini gözləmək olar: 

"Lakin bütün bunların Gürcüstan hakimiyyətinin mövqelərinin zəifləməsinə nə dərəcədə təsir göstərəcəyini söyləmək çətindir. Hələ ki, Kobaxidze hakimiyyəti çoxluq tərəfindən dəstəklənir. Lakin Qərbin sərt sanksiyaları baş verəcəksə və bu Gürcüstanda iqtisadi vəziyyətə mənfi təsir göstərəcəksə o zaman vəziyyət dəyişə də bilər. Amma istənilən halda baş verən hadisənin Gürcüstanın Qərblə münasibətlərində yeni bir uçurum yaradacağı şübhəsizdir".

Əli Hüseynov


SON XƏBƏRLƏR