• Bakı 17° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Ermənistanda yeni siyasi oyun: Karapetyanın hərəkatı revanşizmin yeni siması kimi

SİYASƏT

16 Oktyabr 2025 | 09:21

Ermənistanda yeni siyasi oyun: Karapetyanın hərəkatı revanşizmin yeni siması kimi

Ermənistanda yenidən revanşist və rusiyayönlü qüvvələrin təsir dairəsinə salınmağa çalışılır. Ölkədə son aylar müşahidə edilən siyasi proseslər də bunu göstərir.

Həbsdə olan erməni milyarder Samvel Karapetyanın “Öz yolumuz” adlı hərəkat vasitəsilə ictimai-siyasi səhnəyə qayıtmaq cəhdi bu kontekstdə qiymətləndirilməlidir. Formal olaraq “xalq hərəkatı” kimi təqdim olunan bu təşəbbüs əslində Ermənistanda Moskva yönümlü dairələrin təsirini bərpa etmək və Paşinyan hökumətinə qarşı sosial-siyasi etirazı mərkəzləşdirmək məqsədi daşıyır.

Karapetyanın bəyanatlarında diqqətçəkən məqam “düşmənin əlaltıları” ifadəsidir ki, bu, açıq şəkildə hazırkı hökuməti Azərbaycanla normallaşma xəttinə görə ittiham etmək mənasına gəlir. Bu ritorika Ermənistan siyasətində uzun illər hökm sürən radikal millətçilik və Qaregin Njde ideologiyasının davamı kimi səslənir. Reallıqda isə Karapetyan və onun “Öz yolumuz” hərəkatı 1990-cı illərin köhnə elitasının yeni formatda cəmiyyətə qaytarılma cəhdidir.

Rusiya vətəndaşı olan milyarderin siyasi iddiaları həm də Kremlin təsir mexanizminin Ermənistan üzərində saxlanması baxımından diqqətəlayiqdir. O, Paşinyan hökumətini zəiflətməklə, rusiyayönlü oliqarxların və keçmiş sistemin maraqlarını qorumağa çalışır. Bu, həm də qarşıdan gələn 2026-cı il parlament seçkiləri ərəfəsində köhnə və yeni rusiyayönlü qüvvələrin formalaşmaqda olduğunu göstərir.

Hazırda Ermənistanda “Yox”, “Vətən uğrunda” və “Öz yolumuz” kimi müxtəlif adlar altında fəaliyyət göstərən hərəkatlar əslində eyni siyasi məqsədə - Qərblə yaxınlaşmanı dayandırmaq və Rusiyanın təsirini bərpa etmək - xidmət edir. Keşiş Baqrat Qalstyanın mitinqləri nəticə vermədiyi üçün indi bu vəzifəni maliyyə imkanları geniş olan Karapetyan öz üzərinə götürmək niyyətindədir.

Beləliklə, Samvel Karapetyanın “hərəkat” adlandırdığı təşəbbüs yeni siyasi ideya deyil, köhnə revanşizmin təzə simasıdır. Bu proses göstərir ki, Ermənistan daxilindəki siyasi mübarizə artıq “demokratiya-avtoritarizm” yox, “suverenlik–asılılıq” xəttində cərəyan edir. Karapetyanın timsalında rusiyayönlü oliqarxların siyasətə qayıtmaq cəhdləri isə ölkəni yenidən xarici təsir oyunlarının mərkəzinə çevirmək riski daşıyır.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

15 Oktyabr 2025