Tarix dəyişir, rəhbərlər dəyişir, amma Rusiyanın siyasəti mahiyyət etibarilə eyni qalır: güc nümayişi, qonşulara təzyiq və imperiya ambisiyalarını reallaşdırmaq. Bu yanaşma nə zaman yumşalacağı və ya dəyişəcəyi ilə bağlı illüziyaları dağıdıb. Rusiya üçün coğrafi sərhədlər hüquqi yox, siyasi məfhum kimi görünür. Harada Moskvanın maraqlarına qarşı bir cüzi fərqli mövqe varsa, orada dərhal təhdid, təzyiq, ya da açıq qarşıdurma alovlanır. Bugünkü reallıq göstərir ki, Rusiya nə yaxın qonşusunu, nə də tarixi bağlarını nəzərə alır – əsas olan güc balansıdır və bu balansı pozan hər kəs hədəfdir.
Əgər bu gün Rusiya, tarixən ortaq dini, dili və mədəniyyəti paylaşdığı Ukrayna xalqına qarşı bu qədər qəddar və dağıdıcı siyasət aparırsa, bu, təkcə bir müharibə deyil, həm də Kremlin real niyyətlərinin, imperiya təfəkkürünün və başqa xalqlara münasibətinin göstəricisidir. Rusiya ordusunun Ukraynada həyata keçirdiyi bombardmanlar, infrastrukturun hədəfə alınması, Buça, İrpin və Mariupol kimi şəhərlərdə baş verən kütləvi qırğınlar – bütün bunlar təkcə hərbi cinayət deyil, eyni zamanda gələcək üçün açıq mesajdır: Moskvanın maraqlarına uyğun gəlməyən hər bir xalq bu aqibətlə üzləşə bilər.
Ukrayna ilə qardaş olan rus xalqı arasında belə bir düşmənçiliyin qurulması, onların şəhər və kəndlərinin yerlə-yeksan edilməsi, mülki əhalinin hədəfə alınması, təkcə siyasi deyil, mədəni və insani dəyərlərin də ayaq altına atılması deməkdir. Bu mənzərə fonunda Orta Asiya, Qafqaz və Baltikyanı ölkələrə, o cümlədən Azərbaycana olan münasibəti anlamaq çətin deyil. Əgər Moskva bu cür soyqırımını birmənalı şəkildə qınamaq əvəzinə, hələ də “qardaşlıq”, “tərəfdaşlıq” kimi ritorikaları öz maraqları üçün istifadə edirsə, bu, yalnız təhlükənin daha da böyüdüyünü göstərir.
Azərbaycan dövləti bu reallığı aydın görür və riskləri adekvat qiymətləndirir. Regional təhlükəsizlik strategiyamız məhz bu təhdidlər nəzərə alınaraq formalaşır: diplomatik cəbhədə prinsipial mövqe, müdafiə qabiliyyətinin gücləndirilməsi və müttəfiqlərlə koordinator fəaliyyət paralel şəkildə davam etdirilir. Dövlətimiz ayıqdır, hər şeyi görür və ehtiyac yaranacağı təqdirdə adekvat addımlar atmağa tam hazırdır.
Züriyə Qarayeva