UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti sentyabrın 3-dən etibarən dayandırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) bildirib.
"UNICEF-in Azərbaycandakı fəaliyyəti 3 sentyabr 2025-ci il tarixindən etibarən dayandırılacaq. UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığını regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək",- o qeyd edib.
Xatırladaq ki, martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüş çərçivəsində bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyini bildirmişdi.
Həmçinin diqqətə çatdırılmışdı ki, bəzi BMT qurumları ilə gələcək əməkdaşlıq birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcək.
Qeyd edək ki, iyulun 29-da Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.