Son günlər İran ətrafında yaranan hərbi-siyasi gərginlik fonunda Azərbaycana yönələn ittiham və təhdidlərin yenidən intensivləşməsi regionda diqqətlə izlənir. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, ölkə ərazisi və hava məkanı İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilə bilməz və bu mövqe beynəlxalq hüquqa, qonşuluq prinsiplərinə əsaslanır.
Buna baxmayaraq, Tehranda xüsusilə mühafizəkar çevrələr və onlara yaxın media resursları Azərbaycanı İsrailə dəstək verməkdə, hətta enerji infrastrukturunu “qanuni hədəf” kimi göstərməkdə israr edirlər. Bu ritorika artıq təkcə informasiya müstəvisində deyil, siyasi mesaj və psixoloji təzyiq aləti kimi də dəyərləndirilir.
Mövzunun mahiyyəti, İranın niyyətləri və bu proseslərin mümkün nəticələri barədə Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu, ilk növbədə İranın artan beynəlxalq təzyiq fonunda özünə əlavə manevr sahəsi açmaq cəhdidir. Onun sözlərinə görə, belə dövrlərdə Tehran daxili auditoriyanı səfərbər etmək üçün xarici “təhdid obrazları”na ehtiyac duyur. Azərbaycan bu baxımdan rahat hədəf kimi seçilir, çünki həm regiondadır, həm də müstəqil və balanslı siyasət yürüdür. Politoloq bildirib ki, digər tərəfdən, İsrail amili şüurlu şəkildə önə çəkilir və Bakı bu kontekstdə manipulyasiya olunur. Məqsəd real faktlar deyil, emosional reaksiya yaratmaqdır. Bu yanaşma İranın informasiya müharibəsində uzun illərdir istifadə etdiyi köhnə sxemin davamıdır.
“Bu tezis təkcə Azərbaycana yox, eyni zamanda Avropaya və beynəlxalq enerji bazarlarına ünvanlanmış mesajdır” deyən Z.Qarayevanın sözlərinə görə, İran demək istəyir ki, müharibə yalnız dar coğrafiya ilə məhdudlaşmaya bilər. Azərbaycanın enerji infrastrukturu Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı üçün bu cür ritorika qəsdən seçilir:
“Burada əsas məqsəd real zərbə endirmək yox, risk algısını böyütməkdir. Xarici investorlar və region ölkələri üçün psixoloji təzyiq mexanizmi işə salınır. Beləliklə Tehran mümkün ABŞ müdaxiləsinin regional nəticələrini qabardaraq qərarvericilərə əlavə təsir göstərməyə çalışır”.

Züriyə Qarayeva: İran demək istəyir ki, müharibə yalnız dar coğrafiya ilə məhdudlaşmaya bilər
Həmsöhbətimiz qeyd edib ki, bu mesaj ilk növbədə prinsipial və ardıcıl xarici siyasətin ifadəsidir. Azərbaycan açıq şəkildə bildirir ki, onun ərazisi üçüncü ölkələrə qarşı istifadə oluna bilməz. Bu, həm beynəlxalq hüquqa hörmətin, həm də qonşuluq siyasətinin tərkib hissəsidir:
“Eyni zamanda, Bakı bu bəyanatla İranın təhdid və ittiham dilini qəbul etmədiyini göstərir. Mesaj Pezeşkian hökumətinə rasional dialoq üçün açıq qapı saxlayır. Lakin bu, mühafizəkar qanadın ritorikasına avtomatik təsir edəcəyi anlamına gəlmir”.
“Hazırkı mərhələdə bu, olduqca çətin görünür. Çünki mühafizəkar çevrələr üçün Azərbaycan mövzusu daxili siyasi alətə çevrilib” deyən politoloq bildirib ki, onlar regional reallıqları deyil, ideoloji refleksləri əsas götürürlər. Bu isə ritorikanın yumşalmasını deyil, zaman-zaman sərtləşməsini şərtləndirir:
“Pezeşkian komandası ilə institusional dialoq mümkündür, amma paralel olaraq başqa mərkəzlər fərqli mesajlar verir. Nəticə etibarilə, Azərbaycan bu şəraitdə öz təhlükəsizlik və diplomatik xəttini dəyişmədən, soyuqqanlı mövqeyini qorumağa davam etməlidir”.
Zülfü Məmmədov
Bakı 




