Avropa İttifaqının (Aİ) ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç seksual xarakterli cinayətlərə görə məhkum olunmuş qalmaqallı sabiq maliyyəçi Cefri Epşteynlə heç bir əlaqəsinin olmadığını və onu tanımadığını bəyan edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bəyanatı Avropa Komissiyasının rəsmi nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirilən brifinqdə oxuyub.
Qeyd edək ki, Şefçoviçin adı ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə bu yaxınlarda açıqladığı sənədlərdə hallanır. Ötən həftə digər slovakiyalı siyasətçi Miroslav Layçak qalmaqalın mərkəzində olub və məhkum olunmuş maliyyəçi ilə yazışmalar dərc edildikdən sonra Slovakiyanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsindən istefa verib.
Layçak 2007-ci ildən etibarən bir neçə il ərzində Aİ-nin Bosniya və Herseqovina üzrə ali nümayəndəsi və blokun xüsusi nümayəndəsi olub.
Şefçoviçin adı məhz Layçakın yazışmalarında çəkilib.
"Bu, mənim xəbərim olmadan edilib... Mənim xəbərim və ya razılığım olmadan adımın bu yazışmalarda istifadə edilməsi məni sarsıdıb və mən bu işdə əlaqəmin olması ilə bağlı istənilən ehtimalı qəti şəkildə rədd edirəm", - Avropa komissarının bəyanatında bildirilir.
O, həmçinin qeyd edib ki, əgər Layçak onun haqqında nəsə yazıbsa, bunu öz şəxsi maraqları naminə edib./Report
Bakı 




