• Bakı 26° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Fransanın Azərbaycanla bağlı mövqeyi: Qərəzli siyasi jest, yoxsa seçkiqabağı manipulyasiya?

SİYASƏT

29 Iyul 2025 | 12:44

Fransanın Azərbaycanla bağlı mövqeyi: Qərəzli siyasi jest, yoxsa seçkiqabağı manipulyasiya?

Fransa Milli Assambleyasında təqdim olunan qətnamə layihəsi bir daha göstərdi ki, Parisin Cənubi Qafqazla bağlı yanaşması obyektivlikdən uzaq, siyasi maraqlara əsaslanan kampaniyadır.

Bu sənəd Ermənistanla münasibətlərin “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılması məqsədi daşısa da, əslində Azərbaycanın suveren hüquqlarına qarşı yönəlmiş manipulyativ elementlərlə doludur.

Qətnamədə Azərbaycanın ərazilərində ədalət məhkəməsinə cəlb edilən şəxslərə “siyasi məhbus” damğası vurulması beynəlxalq hüququn açıq şəkildə pozulması ilə yanaşı, hüquqi proseslərə siyasi müdaxilədir. Fransanın bu məsələdə birtərəfli və emosional yanaşması, beynəlxalq hüququn prinsiplərinə deyil, seçkiqabağı ictimai rəylərin formalaşdırılmasına hesablanıb.

Sənəddə tez-tez “Artsax” kimi beynəlxalq səviyyədə tanınmayan anlayışlara istinad edilməsi, Fransa kimi bir BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətə yaraşmayan davranışdır. Bu, Fransanın vasitəçi statusunu çoxdan itirdiyinin göstəricisidir.

Qətnamədə səsləndirilən iddialardan biri də Azərbaycanın guya erməni mədəniyyətini və dini irsini hədəf almasıdır. Halbuki Azərbaycan bu sahədə təkcə öz vətəndaşlarının deyil, ümumbəşəri irsin qorunmasını qarşısına məqsəd qoyub və bunu real nümunələrlə sübut edib. Ermənilərin işğal zamanı viran qoyduğu Azərbaycan şəhərlərində aparılan bərpa işləri bunun ən açıq göstəricisidir.

Fransanın bu qətnamə ilə yaratmağa çalışdığı informasiya təzyiqi əslində Cənubi Qafqazda dəyişən güc balansına bir cavab cəhdidir. Azərbaycanın bölgədə aparıcı aktora çevrilməsi, diplomatik proseslərə yön verməsi və sülh təşəbbüslərinin müəllifi olması rəsmi Parisin rolunu kölgədə qoyub. Ən əsası, Ermənistan-Azərbaycan liderlərinin son görüşlərinin Fransasız baş tutması Makron administrasiyasında ciddi narahatlıq doğurub.

Eyni zamanda, Fransa tərəfindən bu qətnamənin təşviqi daxili siyasi məqsədlər də güdür. Ermənipərəst mövqe tutmaqla bəzi siyasi dairələr həm seçki öncəsi erməni icmasının dəstəyini qazanmağa, həm də beynəlxalq imiclərini “insan haqları müdafiəçisi” kimi formalaşdırmağa çalışırlar.

Azərbaycan bu kimi qətnamələrlə deyil, beynəlxalq hüquqa əsaslanan ədalətli yanaşmalarla sülhə nail olmağa çalışır. Qərəzli sənədlərlə regionda gərginlik yaratmaq cəhdləri isə nə tarix, nə hüquq, nə də reallıq qarşısında davamlı ola bilməz.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

29 Iyul 2025