Xəbər verdiyimiz kimi, Rusiyanın Azərbaycandakı təsir şəbəkəsi ilə bağlı mediada yeni iddialar yayılıb.
Son açıqlamalarda əvvəllər də adı hallanan sabiq yüksək vəzifəli şəxslərlə yanaşı, ilk dəfə gündəmə gətirilən yeni adlar da yer alıb. Hədəf göstərilən şəxslər sırasında sabiq Prezident köməkçisi Əli Həsənov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, sabiq xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin keçmiş sədri Oktay Əsədov, mərhum gənclər və idman naziri Azad Rəhimov, eləcə də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı çəkilir.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a danışaraq yayılan məlumatlarla bağlı münasibət bildirib. O qeyd edib ki, bu cür xəbərlərin arxasında sifarişli maraqlar dayana bilər:
"Deyəsən, kimsə yenə reklam məsələsi ilə məşğuldur. Bu proseslərin sifarişli olduğunu düşünürəm", – deyə Məmmədyarov bildirib.
Onun sözlərinə görə, bu mövzuya tez-tez toxunulmasının səbəbi araşdırılmalıdır:
"Onu öyrənin ki, nəyə görə bu məsələyə tez-tez toxunurlar. Mənim də şübhələndiyim bir nəfər var, amma onu açıqlamağın mənası yoxdur", – deyə sabiq nazir əlavə edib.
Qeyd edək ki, yayılan məlumatlarda təsir şəbəkəsinin mediaya, ictimai-siyasi fiqurlara və müəyyən dairələrə uzandığı iddia olunur.
Əli Hüseynov