Bir neçə gün öncə Ukrayna Rusiyanın 4 vilayətindəki (İrkutsk, Murmansk, Ryazan və İvanovo) aviabazalara dron zərbələri endirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İvanovo, Ryazan və Amur vilayətlərindəki hücumlar dəf edilib. Murmansk və İrkutsk vilayətlərində hava limanlarının bilavasitə yaxınlığındakı ərazilərdən PUA-ların buraxılmasından sonra bir neçə təyyarə yanıb. Ümumilikdə 5 aerodroma endirilən zərbələr nəticəsində 40-dan çox təyyarə məhv edilib.
Ukraynanın bu hücumları münaqişəni daha da gərginləşdirə bilərmi? Bu hücumlar Rusiyanın Ukraynaya qarşı hücum kampaniyasının motivində dəyişikliyə səbəb ola bilərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yaxın perspektivdə Rusiya ilə Ukrayna arasındakı danışıqlar prosesinə ABŞ və Türkiyənin təşəbbüsü ilə start verilməsi ehtimalı yüksəkdir:
"Bu danışıqlar prosesinin İstanbulda baş tutması gözləniləndir. Həm Ukrayna, həm də Rusiya danışıqlar prosesində daha çox kartlara sahib olmaq istəyir. Ona görə də cəbhədə irəliləyişin əldə olunmasına çalışırlar. Rusiya çalışır ki, Ukraynanı güzəştə getməyə məcbur etsin. Ukrayna da eyni mövqedən çıxış edir. Bu baxımdan cəbhədə gücün azaldılması əsas şərtlərdən biridir. Hazırda baş verən son proseslər də məhz buna hesablanıb”.
Politoloq qeyd edib ki, Rusiyanın maksimalist yanaşmaları prosesi daha çox mürəkkəbləşdirir. Rusiyanın 3 aydan sonra seçki şərti qoyması, eyni zamanda işğal etdiyi Ukrayna ərazilərinin Rusiya ərazisi kimi tanınmasını istəməsi prosesi çətinləşdirir. Ukrayna isə heç bir halda ərazi güzəştinə getmək istəmir.
Ə.Zülfüqaroğluna görə, ABŞ-nin Ukrayna ilə faydalı qazıntılarla bağlı sazişindən sonra prosesi izləyici kimi baxması və Rusiyanın maksimalist yanaşmalarına adekvat cavab verməməsi prosesi çətinləşdirən amillərdəndir. Türkiyənin təşəbbüsü müsbət hal olsa da, ABŞ-nin izləyici mövqedə qalması və prosesə qatılmaması danışıqlarda müsbət nəticənin əldə olunmasına mane olur.
Əli Zülfüqaroğlu: Danışıqlar prosesinə ABŞ və Türkiyənin təşəbbüsü ilə start verilməsi ehtimalı yüksəkdir
"Nəzərə alaq ki, Avropa İttifaqı münaqişənin uzanmasına cəhdlər göstərir. Bu baxımdan Ukrayna münaqişəsi ilə bağlı Rusiya və ABŞ arasındakı qeyri-rəsmi razılaşmanı pozmağa çalışır. Avropa İttifaqı ABŞ-nin özünə qarşı təzyiqlərini neytrallaşdırmaq üçün Rusiyadan zəmanət almağa çalışır. Ona görə də Rusiyadan bir kart kimi istifadə etməyə cəhd edir. Nəticədə danışıqlar prosesi daha da mürəkkəbləşir”.
Müsahibimiz hesab edir ki, ABŞ və Türkiyə prezidentləri tərəfindən prosesin ələ alınması Ukrayna və Rusiya liderləri arasında görüşün keçirilməsinə zəmin yarada bilər:
“Bu görüş baş tutarsa, tərəflər arasındakı mövcud gərginlik uzun müddət davam etməyəcək".
Gülşən Şərif