“Mixail Saakaşvili gerçəklikdən təcrid olunub və vəziyyəti düzgün qiymətləındirə bilmir”.
Bunu politoloq Zərdüşt Əlizadə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Zəngəzur dəhlizi ilə bağlı dediklərinə münasibət bildirərkən Bakıvaxtı.az-a deyib.
Politoloq qeyd edib ki, əvvəla Zəngəzur dəhlizinin Amerikanın nəzarətinə verilməsi qərarı Vaşinqtonda niyyət kimi qəbul edilib. Hansısa niyyətin elan edilməsi ilə gerçəkləşməsi arasında böyük məsafə var:
“Bundan başqa, Saakaşvilinin bu dəhlizi təkcə Avropadan Çinə yeni tranzit dəhlizi kimi qiymətləndirməsi düzgün deyil. Bəli, yol açılır və Amerika bu yola nəzarət edir. ABŞ Çindən Avropaya, Avropadan Çinə gedən yollardan yüklərin keçməsinə imkan verəcək? Bu, Amerikaya lazımdır? Əksinə Amerika Zəngəzur dəhlizini ona görə nəzarətə götürür ki, bu yüklərin keçməsinə mane olsun. Amerika Çinin əsas rəqibidir. Çinin xarici ticarətinə mane olmağa çalışır”.
Müsahibimiz vurğulayıb ki, Zəngəzur dəhlizi açılsa, bu, heç də Böyük Kəsik və Qırmızı körpüdən keçən yüklərə mane olmur, çünki Gürcüstan özünün transit ölkə olma funksiyasını davam etdirir.
Zərdüşt Əlizadə: 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin əsas səbəbkarı Saakaşvili idi
Saakaşvilinin İvanişvili hakimiyyəti ilə bağlı fikirlərinə diqqət çəkən Əlizadə əlavə edib ki, Ukrayna özünü Qərbdəki müttəfiqlərindən təcrid etmədi, çətin günlərə düşdü:
“2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin əsas səbəbkarı Mixail Saakaşvili idi. Çünki o, aqibəti görmədən Gürcüstanı Qərbin ağuşuna atmaq istəyirdi. Bu, Saakaşvilinin geosiyasi səhvi idi. Qərb özü, nə Ukrayna, nə Gürcüstan, nə də Moldovanı NATO-ya qəbul etmək istəyində olmadığı halda Ukrayna və Gürüstan NATO-ya daxil olmaq istədilər. Nəticədə Rusiyanın təzyiq və təcavüzünə məruz qaldılar”.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib ki, Bidzina İvanişvili gürcü demokratiyasını məhv etdi, Gürcüstanı əsas müttəfiqlərindən təcrid etdi və indi bütün bunlara görə ölkə tranzit qovşağı funksiyasını itirir:
“Amerikanın Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürdüyü ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq müqaviləsinin imzalanması bu dəfə Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. Bəli, məhz İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu o deməkdir ki, Qırmızı körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) “dəmir pərdə” enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq”.
Saakaşvili iddia edib ki, Laziki limanı layihəsi Gürcüstanın mövcud limanları kimi öz mənasını itirir və ölkə əhalisi isə sürətlə yoxsullaşır:
“Amerika və Avropa ilə strateji müttəfiqliyin kəsilməsi bizi bu yerə gətirib çıxardı. Bütün bunların avqust müharibəsinin ildönümündə baş verməsi necə də ironikdir”.
Aydın Baxış