Gürcüstan hakimiyyəti həbsdə olan sabiq prezidentin xahişini rədd edib.
Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sabiq prezident Mixeil Saakaşvilinin martın 22-də Katolikos-Patriarx II İliyanın dəfn mərasimində iştirakına icazə verməyib.
Məlumata görə, Saakaşvili bu xahişi vəkili vasitəsilə çatdırıb. Mixeil Saakaşvili sabiq prezident statusunu və mərhum patriarxla şəxsi münasibətlərini əsas gətirərək onun üçün istisna yaradılmasını istəyib. Bildirilib ki, II İliya onun dostu olub və oğlunun xaç atası idi.
Penitensiar Xidmət isə müraciəti rədd edərək bildirib:
“Məhkum Mixeil Saakaşvilinin Katolikos-Patriarx II İliyanın dəfnində iştirak etməsi ilə bağlı müraciəti təmin edilə bilməz. Bu hal məhkumların cəzaçəkmə müəssisəsini tərk edə biləcəyi istisna hallara aid deyil”.
Saakaşvilinin yaxın tərəfdarlarından biri, Gürcüstanın sabiq müdafiə naziri Georgi Baramidze isə jurnalistlərə açıqlamasında iddia edib ki, hakimiyyət sabiq prezidenti dəfnə buraxmaqdan çəkinib. Onun sözlərinə görə, bu addımın səbəbi mümkün ictimai reaksiyalardan qorxu olub.
Qeyd edək ki, Gürcüstanın Katolikos-Patriarxı II İliya II martın 17-də xəstəxanada vəfat edib. Onun 93 yaşı var idi.
Bakı 




