Azərbaycana gedişim karyeramda yeni mərhələnin başlanğıcı oldu.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Sabah” komandasının keçmiş baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibəsində deyib.
Rusiyalı mütəxəssis Bakı klubunda keçirdiyi günləri xatırlayıb: “Azərbaycana gedəndə orada yeni ideyalar, emosiyalar və əla nəticələrlə dolu yeni şeylər sınamağa başladıq. İndi ölkənin aparıcı klublarından birinə çevrilən və Vasili Berezutskinin rəhbrəliyi ilə kubok qazanaraq üçüncü dəfə avrokuboklara vəsiqə əldə edən “Sabah”da gördüyüm işlərə görə qürur duyuram. Bu kluba yeni baş məşqçi təyin olunduğum zaman komanda turnir cədvəlində sonuncu pillədə idi. Lakin mövsümün sonunda biz beşinci yeri tutduq. Növbəti mövsümdə isə hibrid sxemlərlə gözəl futbol oynayaraq gümüş medal qazandıq. Sözsüz ki, uğura gedən yol çətinliklərdən keçir. “Krasnodar”a qayıtmaq da asan olmadı. Yaxşı nəticə üçün bütün çətinliklərə dözməlisən”.
Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illərdə “Sabah”ın baş məşqçisi olub