• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Sabit tarif nə vaxtdan qüvvəyə minəcək?

İQTİSADİYYAT

29 Iyul 2025 | 13:36

Sabit tarif nə vaxtdan qüvvəyə minəcək?

Prezident İlham Əliyevin sərəncamı ilə “Elektroenergetika haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib. Yeni dəyişikliklərə əsasən, elektrik enerjisi sektorunda sabit tarifin tətbiqi nəzərdə tutulur.

Qanunda deyilir ki, sabit tarif dedikdə elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi nəzərdə tutulur.

Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

Sadə formada desək, mənzili olan, amma orada yaşamayan vətəndaşlar da elektrik enerjisini sabit tariflə ödəyəcəklər.

Sabit tarifin səviyyəsi hələlik müəyyən olunmayıb. Energetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasında bildirib ki, sabit tarif hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib kiqərar hamıya - yəni əhalinin bütün qruplarına eyni qaydada şamil olunacaq. Ekspertin sözlərinə görə, bu modeli ev telefonu ilə müqayisə etmək olar.

“Necə ki, ev telefonundan istifadə olunmasa belə aylıq abunə haqqı ödənilirsə, elektrik enerjisi ilə bağlı da oxşar mexanizm tətbiq ediləcək”.

N.Cəfərli qeyd edib ki, yeni tariflə bağlı dəyişiklik bu il üçün nəzərdə tutulmayıb.

“Ehtimal ki gələn il üçün də bu dəyişiklik ertələnə bilər. Ən tezi 2026-cı il və növbəti illərdən isə yeni tarifin tətbiqi gözlənilir”.

İqtisadçı ekspert onu da əlavə edib ki, yeni model çərçivəsində vətəndaşlar istehlak etdikləri elektrik enerjisinə görə ödəniş etməklə yanaşı, aylıq sabit abunə haqqı da ödəyəcəklər. Bu məbləğ ilkin mərhələdə təqribən aylıq 1 manat ola bilər:

“Nəzərdə tutulan rəqəm vətəndaşlar üçün böyük maliyyə yükü yaratmasa da, gələcəkdə abunə haqqının artırılması ehtimalı var. Təyin ediləcək məbləğ Tarif Şurasının qərarı ilə müəyyənləşdiriləcək. Əgər gələcəkdə bu məbləğ artırılarsa, vətəndaşlar arasında haqlı narazılıqlara səbəb ola bilər”,- deyə N.Cəfərli bildirib.


SON XƏBƏRLƏR

29 Iyul 2025