UFC 323 turnirində fransalı döyüşçü Fares Ziamaya məğlubiyyətdən sonra azərbaycanlı yüngül çəki döyüşçüsü Nazim Sadıxov sosial şəbəkələrdə səmimi video müraciət paylaşıb. O, uğursuz çıxışından sonra vəziyyətini ətraflı izah edib və emosiyalarını bölüşüb.
Bakıvaxtı.az xəbər verir ki, Sadıxov potensialının heç bir hissəsini belə göstərə bilmədiyini etiraf edib.
“Uşaqlar, salam aleykum. Bu dəhşətli bir çıxış idi. Bu gün ümumiyyətlə işə düşə bilmədim. Niyə olduğunu bilmirəm. Heç bir bəhanəm yoxdur. Çox əla hazırlığım var idi. Çəki salma, isinmə, hər şey ideal keçdi. Qonq səslənənə qədər özümü əla hiss edirdim. Amma bu gün sadəcə işə düşə bilmədim”, - deyə döyüşçü vurğulayıb.
Döyüşçü həmçinin rəqibini təbrik edib və reytinqdə yenidən yüksəlmək niyyətində olduğunu bildirib:
“Faresi və onun komandasını təbrik edirəm. Məqsəd dəyişməyib. Mən qayıdacağam. Addım-addım yuxarı qalxacağam. İndi nəyəsə layiq olduğumu deməyə vaxt deyil. Mən zala qayıtmalı və özümün yeni versiyasını açmalıyam”.
Sadıxov çıxışını zəif hesab etdiyini və özünə qarşı ən sərt qiyməti verdiyini vurğulayıb:
“Mən daha artığına qadirəm. Bu gün bərbad güləş, bərbad boks, bərbad parter oldu. Mən bilirəm ki, daha yaxşısını edə bilərəm və bunu göstərəcəyəm. Hamınıza təşəkkür edirəm. Yaşasın Azərbaycan. Allah ABŞ-ni qorusun”.
O, azarkeşlərdən dəfələrlə üzr istəyib və UFC-yə ona verilən imkanlara görə təşəkkür edib:
“Mənə çox üzr istəyirəm. Heç bir bəhanəm yoxdur. UFC-yə təşəkkür edirəm, Şon Şelbiyə, Mik Meynarda, Danaya, Hanterə təşəkkür edirəm. Siz insanların 0,01 faizindən də azının əldə etdiyi şeyi mənə verdiniz”.
Sadıxov ağır döyüşdə məğlubiyyətə hazır olacağını, lakin passivliyinin onu xüsusilə sarsıtdığını da etiraf edib:
“Mən irəli-geri gedən dramatik döyüşü, hətta nokautla məğlub olmağı belə, çıxıb heç nə edə bilməməkdən üstün tutardım. Mən özüm-özümə ən sərt tənqidçiyəm. 7 ildə ilk məğlubiyyət. Bu dəhşətlidir. Ürəyim qırılıb, içimdə hər şey yanır”.
Bununla yanaşı, azərbaycanlı döyüşçü inamının və ruhunun sarsılmaz qaldığını vurğulayıb:
“Heç kim mənim ruhumu və inamımı sındıra bilməz. Dəstəyə görə minnətdaram – mənim Azərbaycanıma, mənim Bruklinimə, mənim Amerikama. Mən bəxtəvərəm”.
Sonda döyüşçü yolunun davam etdiyini bildirib:
“Mən qayıdacağam. “Qara canavar”ın yolu hələ bitməyib. Standartlarım yüksək olaraq qalır. Məni zirvədə görəcəksiniz. Söz verirəm. Hamınıza təşəkkür edirəm. Tezliklə görüşənədək”.
Ziamaya məğlubiyyət Nazim Sadıxovun karyerasında ikinci məğlubiyyət olub və o artıq nəticə çıxarıb daha güclü şəkildə oktaqona qayıdacağını bəyan edib.
Bakı 



