Dövlət İmtahan Mərkəzi 2027-ci ildə tətbiqi nəzərdə tutulan xarici dil imtahan modelində yeniliklərə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bunu DİM-in Dövlət dili və xarici dillər üzrə şöbə müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib.
Şöbə müdirinin sözlərinə görə, Bakı Şəhər Təhsil İdarəsinə tabe məktəblərin qabaqcıl xarici dil müəllimləri ilə keçirilən görüşün əsas məqsədi 2027-ci ildə 11-ci sinif səviyyəsində tətbiqi nəzərdə tutulan yeni imtahan modelinin təqdimatı olub.
O qeyd edib ki, imtahan modeli artıq yanvar ayından ictimaiyyətə təqdim olunub. Bu görüşdə əsas məqsəd qiymətləndirmə meyarları, pilot imtahanın nəticələri və müşahidələrin müəllimlərlə bölüşülməsidir. Son illərdə xarici dillərin qiymətləndirilməsi istiqamətində modelin təkmilləşdirilməsi üçün ciddi işlər görülüb və məzmun SFR səviyyələrinə uyğunlaşdırılır. 9-cu sinifdə A2, 11-ci sinifdə isə B2 səviyyəsi əsas götürülür.”
Könül Hacıyeva bildirib ki, dil bacarıqlarının kompleks qiymətləndirilməsi əsas prioritetdir:
“Oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqları ilə yanaşı danışıq bacarığının da qiymətləndirilməsi vacibdir. Lakin hazırda resurs məhdudiyyətləri və imtahanın kütləviliyi səbəbindən danışıq bacarığını tətbiq edə bilmirik. Bu istiqamətdə işlər davam edir”.
Onun sözlərinə görə, 2027-ci ildən yeni modelə keçidlə sual formatında da dəyişiklik ediləcək. İmtahan suallarının sayı 30-dan 26-ya endiriləcək, onlardan 25-i qapalı tipli, 1-i isə yazı tapşırığı olacaq.
Şöbə müdiri əlavə edib ki, oxu bloku üzrə iki mətn və ümumilikdə 8 qapalı sual təqdim olunacaq, dinləyib-anlama bölməsi isə 4 sualdan ibarət olacaq. Yazı tapşırığı isə şagirdin öz fikrini qısa mətn formasında ifadə etməsini tələb edəcək.
Zeynəb Rzayeva
Bakı 




