Dünyanın, ətrafımızdakı insanların təmiz, saf sevgiyə çox ciddi ehtiyacı olduğu indiki zamanda səhnəyə yeni bir əsər gəlib. Özü də Dövlət Akademik Musiqili Teatrında. Teatrın yaradıcı heyəti həm kollektivə, həm də tamaşaçılara yaxşı tanış olan yazıçı-dramaturq, kino ssenarist Əmir Pəhləvanla yenidən əməkdaşlıq edərək “Sevənlərindir dünya” əsərini təqdim edib.
İstedadlı qələm sahiblərindən sayılan Əmir Pəhləvanın bir zamanlar bu teatrda “İstədiyim yar idi...” əsəri də oynanılıb. O, böyük maraqla qarşılanan, müxtəlif mükafatlara layiq görülən “Fransız”, “Qarabağ şikəstəsi”, “Bakı nefti və Nobellər”, “Qız Qalası”... filmlərinin ssenari müəllifidir. Bakı Bələdiyyə Teatrı yaxın keçmişdə tanınmış yazıçı-dramaturqun “İnsan və İblis” tamaşasına müraciət edib. Nə isə, qayıdaq sevənlərin dünyasına...

Özbəkistandan Azərbaycana elmi konfransa gələn Müyəssər (gənc aktrisa Nəzrin İsmayılzadə) çətin duruma düşür. Tədbirin iştirakçılarından biri-azərbaycanlı Şərif (gənc aktyor Emin Zeynallı) ona vurulur və evlilik təklifi edir. Müyəssər də bu savadlı və yaraşıqlı oğlana biganə deyil, lakin Özbəkistandakı valideynlərinə bu hisslərini necə çatdırsın? Şərifi isə düşündürən başqa məsələdir-ata və anası onun özbək qızına aşiq olmasına necə baxacaqlar, onları yola gətirmək olacaqmı? Hər iki gənc müasir düşüncəyə sahib olsalar da, adət-ənənələrimizə, milli dəyərlərimizə sayğı ilə yanaşırlar, valideynlərin razılığı olmadan qəti qərar vermək istəmirlər.
Şərifin atası (Əməkdar artist Nadir Xasıyev) özünün və oğlunun gələcəyini təmin etmək üçün varlı-karlı, babat vəzifəsi olan insanla quda olmağı planlaşdırır. Anası (aktrisa Telli Hüseynova) üçün isə fərq etməz, yetər ki, övladı xoşbəxt olsun. Yaranan fikir ayrılıqları uzun çəkmir və hər iki valideyn Şərifin Müyəssərlə ailə qurmasına razılıq verirlər. Müyəssərin valideynləri də (aktyor Əliməmməd Novruzov və aktrisa Rəsmiyyə Nurməmmədova) iki gəncin saf və ülvi hisslərinə hörmətlə yanaşaraq onlara xeyir-dua verirlər. Lakin ortaya başqa problem çıxır, Şərifi qısqanan qonşu Safura (gənc aktrisa Nərmin Əliyeva) toy günü bir hiylə qurur... Gənclərin təmiz, təmənnasız sevgisi sonda bütün maneələrə qalib gəlir və bir daha təsdiqlənir ki, dünya sevənlərindir!

Quruluşçu rejissor Elməddin Dadaşov yeni səhnə əsərinin janrını məzhəkə kimi müəyyənləşdirib və rəqslərdən, Azərbaycan və özbək xalqlarımızın oynaq musiqilərindən, müasir vizual effektlərdən bol istifadə etməyə çalışıb. Yeri gəlmişkən, Elməddin Dadaşov həm aktyor, həm də rejissor kimi Akademik Musiqili Teatrında maraqlı işlərə imza atıb. Tamaşanın quruluşçu baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti isə Tamilla Aslanovadır.
Tamaşada digər rolları Əməkdar artist İqrar Salamov, aktyorlar Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Güldanə Əzimova, Ruslan Mürsəlov, Ayan Qurbanova, Cəlal İsayev, Ofeliya Məmmədova, Eleanora Abbasova, Cəbrayıl Cəbrayılov və Murad Əliyev oynayırlar. Yeni səhnə əsəri teatrın truppasında Emin Zeynallı, Nəzrin İsmayılzadə və Nərmin Əliyeva kimi istedadlı gənclərin yetişdiyini sübut etdi.
“Sevənlərindir dünya” tamaşasının maraqla keçən premyerasını Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, digər tanınmış simalar izlədilər.
Etibar Cəbrayıloğlu
Bakıvaxtı.az
















