Filippində "Korean Air" şirkətinə məxsus sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, buna pis hava şəraiti səbəb olub.
Məlumata görə, "Korean Air" şirkətinin Seul-Sebu reysini həyata keçirən A330-322 tipli sərnişin təyyarəsi Mactan-Sebu Beynəlxalq Hava Limanına enərkən pis hava şəraiti səbəbindən dayana bilməyib və uçuş-enmə zolağından çıxıb. Uçuş-enmə zolağından çıxaraq çəmənlikdəki siqnal nişanlarına çırpılan təyyarəyə ciddi ziyan dəyib, təyyarədə olan 162 sərnişin təxliyə edilib.
Qəzada can itkisi olmasa da, sərnişinlər sağlamlıq müayinəsindən keçmək üçün terminal binasına köçürülüb. Radar görüntülərində təyyarənin qəzadan əvvəl iki dəfə uçuş-enmə zolağına enməyə cəhd etdiyi, lakin pis hava şəraiti səbəbindən bunu edə bilmədiyi və təcili eniş anonunun üçüncü eniş cəhdindən əvvəl verildiyi müəyyən edilib.
"Korean Air"dən verilən açıqlamada qəza ilə bağlı araşdırma aparıldığı bildirilib.
Nuranə Daxilqızı
















