• Bakı 20° C

    12.31 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

ŞƏT-də Azərbaycanın rolu artır: “Şanxay ailəsi” Bakıya niyə önəm verir?

SİYASƏT

31 Avqust 2026 | 14:00

ŞƏT-də Azərbaycanın rolu artır: “Şanxay ailəsi” Bakıya niyə önəm verir?

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti toplantısı qurumun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son 25 il ərzində üzv ölkələrin sayının iki dəfə artması ŞƏT-i dünyanın ən böyük beynəlxalq platformalarından birinə çevirib. 

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm HəsənovaBakıvaxtı.az-a ŞƏT sammitinin əhəmiyyəti və Azərbaycanın təşkilatla əməkdaşlıq perspektivlərindən danışarkən bildirib ki, qurumun əhəmiyyəti yalnız üzvlərin sayı ilə ölçülməməlidir:  

Şəbnəm Həsənova: Prezidentin dövlət idarəçiliyindəki uğurlu təcrübəsi təşkilat üçün böyük imkanlar yaradır

“Əsas məsələ ŞƏT-in mövcud potensialından nə dərəcədə səmərəli istifadə etməsi və iqtisadi inteqrasiyanı dərinləşdirə bilməsidir. Eyni zamanda, üzv dövlətlər arasındakı fikir ayrılıqları və ziddiyyətlərin təşkilatın fəaliyyətinə təsiri də diqqət mərkəzindədir. Bu il 25 illik yubileyini qeyd edən ŞƏT çərçivəsində "Davamlı sülh, inkişaf və rifah naminə birlikdə" şüarı altında ŞƏT Plus formatında Zirvə görüşü və Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Bu formatda üzvlərlə yanaşı, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələr, həmçinin beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla ümumilikdə 21 ölkə iştirak edəcək”.

Ekspert vurğulayıb ki, sammitdə Bişkek Bəyannaməsi və digər sənədlər paketinin imzalanması, eləcə də təşkilatın modernləşdirilməsi gündəlikdə duran əsas məsələlərdəndir. Ş.Həsənova ŞƏT-in iqtisadi və demoqrafik gücünə də diqqət çəkib:

“Üzv dövlətlərin ümumi ərazisi 36,2 milyon kvadratkilometr olmaqla Yerin quru sahəsinin dörddə birini təşkil edir. 2024-cü ildə təşkilat ölkələrinin əhalisi 3,43 milyard nəfərə çatıb ki, bu da dünya əhalisinin 42 faizindən çoxudur. 2025-ci il üzrə nominal ÜDM göstəricisi isə təxminən 27,4 trilyon dollardır (dünya iqtisadiyyatının 23 faizdən çoxu). Qurum daxilində Çin əsas iqtisadi cazibə mərkəzinə çevrilir. Tyantszin sammitində ŞƏT Bankının yaradılması qərarı verilsə də, qarşılıqlı hesablaşmalarda valyuta mexanizmləri, xüsusən dollardan imtina və yuanın istifadəsi məsələsində Hindistan kimi ölkələrin müqaviməti səbəbindən fikir ayrılıqları qalmaqdadır”.

Politoloq Azərbaycanın təşkilatdakı dialoq tərəfdaşı statusuna və gələcək rola toxunaraq qeyd edib:

“Azərbaycanın xarici siyasəti çoxtərəflilik prinsipinə söykənir. Ölkəmizin geosiyasi mövqeyi, Zəfərdən sonra artan beynəlxalq nüfuzu və milli maraqlara əsaslanan siyasəti "Şanxay ailəsi" tərəfindən yüksək qiymətləndirilir. ŞƏT hərbi-siyasi ittifaqdan daha çox əməkdaşlıq platformasıdır ki, bu da Azərbaycanın prioritetləri ilə tam üst-üstə düşür. Prezident İlham Əliyevin dövlət idarəçiliyindəki uğurlu təcrübəsi təşkilat üçün böyük imkanlar yaradır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onun ŞƏT-dəki rolunu yalnız dialoq tərəfdaşı olmaqla məhdudlaşdırmır, onu Avrasiya logistika zəncirində mühüm həlqəyə çevirir”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026