Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanov cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası baş tutub.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadələrdə kəskin ziddiyyət olduğu üçün Leyla Abbasovanın ifadəsi elan edilib.
"Təxminən Zabratda ilk ödənişlə 9 min manat verib ev götürdüm. İkramın başqa qızlarla yazışması var idi. Buna görə də evimizdə hər zaman dava düşürdü. Zahirlə tanışlığımız evə köçəndən 2 ay sonra oldu. Əvvəlcə onunla dostluq münasibətləri qurduq. Tiktokda yazışırdıq. İkram yazıları görəndə mənə xəbərdarlıq etdi ki, bu hərəkət sonuncu olsun. İkram Zahiri çağırıb mübahisə etdi və ikimiz də onu inandırdıq ki, aramızda heç nə yoxdur. Daha sonra Zahirlə münasibətimiz daha da dərinləşərək sevgi müstəvisinə keçdi. Hətta Zahir mənə yoldaşım bilməsin deyə başqa nömrə və telefon almışdı. Zahirlə gecə yazışıb sağollaşandan sonra İkram telefonu gördü. İkram vatsapda bütün yazışmalarımızı gördü və məni döydü. Mən anamgilə gedəsi oldum. Sonra Zahirlə münasibətlərə son qoydum. Sonradan İkramla münasibətləri normallaşdırdım və evə qayıtdım. Hadisə günü yatmışdım. Birdən səs eşitdim. Gördüm ki İkram dəhlizdə uzanıqlı cansız vəziyyətdədir. Qara maskalı əlində bıçaq olan şəxsin pəncərədən tullanıb qaçdığını gördüm. Əlimi İkrama vuranda əlim qan içində idi".
Təqsirləndirilən şəxs Zahir Soltanovun babası Hidayət Soltanov şahid qismində ifadə verib:
"Nəvəmin Leyla ilə sevgi münasibətlərinin olması barədə xəbərsiz idim. Zahir həmin gün qum daşımışdı. Ona zəng gəldi və iş görüşməsi adıyla getməli oldu. Daha sonra gecə 12-də evə gəldi və 900 manat maaşla baş satıcı təyin edildiyini bildirdi. Mən yatmalı oldum. Hadisənin təfərrüatları ilə artıq sabahı günü məlumatlı oldum".
Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.
Xatırladaq ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Bakı 




