“AMEA Rəyasət Heyətinin binası qarşısında, piyada səkisində skuterçi gəlib çırpıldı mənə. Şükür, ciddi xəsarət almadım. Futbolda sınan baş barmağım, bir də qolum əzildi...”
Bakıvaxtı.az xəbər verir ki, bu sözlər sosial şəbəkə hesabında skuterlərlə bağlı yazılan şikayətlərdən biridir.
Şikayətçi bunu ilk belə hadisə olmadığını qeyd edib. Bildirib ki, skuterin şikəst etdiyi adamlar var:
“Bu xaosa son qoyulmalıdır. Başa düşürəm, kimsə özünə biznes açıb, pul qazanır, yaxşı eləyir, amma insanların təhlükəsizliyi, sağlamlığı ilə oynamaq olmaz”.
Təəssüf ki, əksəriyyətin əyləncə üçün sürdüyü skuterlər bir çox insanın zədələnməsi ilə nəticələnir.
Belə bədbəxt hadisələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bir müddət öncə skuterlərin hərəkət trayektoriyalarına baxış keçirilməsi məsələsi gündəmə gəlib.
Aslan Əsədov, nəqliyyat məsələləri üzrə ekspert
A.Əsədov nəzərə çatdırıb ki, bulvarda, şəhərin mərkəzi küçələrində vətəndaşlara tədbirlər çərçivəsində skuterlə hərəkət etməmək tövsiyə olunub.
Skuterlərin səkilərdə, əhalinin çox olduğu yerlərdə hərəkətindən danışan ekspertin sözlərinə görə, indiki vaxtda skuterlərin hər hansısa bir yerdə hərəkət etməyi qadağandır və yolverilməzdir.
Müsahibimiz izah edib ki, skuterlər üçün əlavə velosiped zolaqları salınıb və bu zolaqların şəhərin mərkəzində özünə görə əraziləri var:
“Həmin yerlər də kifayət qədər mərkəzi ərazilərdir. İstənilən şəxs öz skuteri ilə həmin ərazidə hərəkət edə bilər.
Skuter müasirdir, səssizdir. Kiməsə çırpıla bilər, kimsə xəsarət ala bilər. Ona görə də belə hallar qaçılmaz olur. Bu problemin yeganə çıxış yolu tövsiyə edilən və icazə verilən ərazilərdə skuter sürməkdir”.
Mina Mikayılova