Son günlər insanlar arasında pnevmaniya xəstəliyinin artması halları müşahidə olunur.
Bəs, pnevmaniya nədir? Səbəblərinə, əlamətlərinə nələr daxildir? Risk qrupuna kimlər aiddir?
Bakıvaxtı.az “Sağlam Olaq” rubrikasında bu suallara aydınlıq gətirib.
Suallarımızı cavablandıran terapevt Günay Lətifova bildirib ki, pnevmoniya ağciyər iltihabıdır ki, gedişinə görə kəskin və xroniki formalarda müşahidə olunur.
Onun sözlətinə görə, kəskin pnevmoniya zamanı xəstə vəziyyətinin pisləşdiyini dərhal hiss edir. Bu halda xəstəxana şəraitində müalicə tələb oluna bilər. Xroniki pnevmoniya isə uzunmüddətli xarakter daşıyır və sanki xəstənin “yol yoldaşı”na çevrilir.
Pnevmoniyanının adi soyuqdəymədən fərqləndirməyin bəzən çətin olduğunu deyən terapevt söyləyib ki, ilkin simptomlar çox bənzərdir. Həkim bura öskürək, qızdırma, halsızlıq, iştahsızlıq və s.-in aid olduğunu vurğulayıb. Müsahibimiz əlavə edib ki, pnevmoniyada soyuqdəymədən fərqli olaraq bəlğəmli öskürək, davamlı və yüksək temperatur, eləcə də dərmanlara qarşı zəif cavab müşahidə olunur:
“Bu xəstəlik müxtəlif səbəblərlə yarana bilər. Bunlara bakteriyalar, viruslar, mikoplazmalar, göbələklər və digər mikroorqanizmlər daxildir”.
G.Lətifova risk qrupuna daxil olanlar barədə də məlumat verib. Bildirib ki, risk qrupuna hər kəs daxildir. Xüsusilə 60 yaşdan yuxarı şəxslərin, xroniki xəstəliyi olanların, şəkərli diabet, xərçəng, astma kimi problemləri olanların daha diqqətli olmaqlarının vacibliyini nəzərə çatdırıb:
“Amma ümumilikdə uşaqdan böyüyə hər kəsin özünü qoruması vacibdir, çünki bu xəstəlik istənilən yaşda rast gələ bilər”.
Günay Lətifova: Bu xəstəlik istənilən yaşda rast gələ bilər
Həkim soyuqdəymədən qorunduğumuz kimi pnevmoniyadan da qorunmaq üçün birmənalı şəkildə profilaktik tədbirlərin əhəmiyyətindən də danışıb. Dediyinə görə, soyuq içkilərdən uzaq durmaq, tərləmiş halda eyni geyimdə qalmaqdan çəkinmək, mövsümə uyğun və düzgün geyim seçmək çox vacibdir:
“Əgər bir şəxs özünü pis hiss edirsə və bu hal günlərlə davam edirsə, mütləq şəkildə həkimə müraciət etməlidir. Diaqnoz rentgen müayinəsi ilə dəqiqləşdirilir. Yalnız bundan sonra pnevmoniyanın mövcudluğu və hansı növ olduğu müəyyən edilə bilər”.
Günay Lətifova qeyd edib ki, növü məlum olmadan hər hansı dərmanın qəbul edilməsi düzgün deyil və əksinə, xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.
“Pnevmoniya yüngül qəbul ediləcək bir xəstəlik deyil. Vaxtında aşkarlanmalı və həkimin təyin etdiyi düzgün müalicə ilə mütləq şəkildə müdaxilə olunmalıdır”.
Mina Mikayılova