Vətəndaşlar “təmannasız türk serialı çəkilişində iştirak” vədi ilə aldadılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkə paylaşımında bildirib.
Məlumata görə, 2025-ci ilin fevral ayından etibarən sosial şəbəkələrdə “Ekol Media” MMC tərəfindən “təmannasız türk serialı çəkilişində iştirak” adı ilə reklam elanları yayılıb. Elanlarda iştirak üçün heç bir ödəniş tələb olunmadığı qeyd edilsə də, əlaqə saxlayan vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb olunub.
E.Hüseynovun sözlərinə görə, şikayətçilər bildiblər ki, “Ekol Media” MMC-nin rəsmi “Instagram” səhifəsində yayımlanan elanlara əsaslanaraq onlarla əlaqə saxlanılıb və Bakı şəhəri, Süleyman Rüstəmov küçəsi 205 ünvanında yerləşən şirkətin direktoru Akman Muratın rəhbərlik etdiyi ünvana dəvət olunublar. Orada iştirakçılarla rəsmi müqavilə bağlanıb və tədris-çəkiliş prosesi haqqında məlumat verilib:
“İnstaqram səhifəsində verilən aldadıcı məlumatın əksi olaraq bizdən fərdi söhbətlərdən sonra hər birimizdən 600-1000 manat arası pulu nağd və ya şəxsi karta ödəməklə alınıb.Pul veriləndən sonra “dərslər başladı”. Ölkənin məşhur incəsənət adamları bizə dərslər kecdi və bu işə inamımız sanki artdı. Müqaviləyə əsasən, iştirakçılara 2 ay tədris veriləcəyi, 3-cü aydan etibarən çəkilişlərdə iştirak və diplom təqdim olunacağı və bu diplomların gələcək kino layihələrinə seçimdə istifadə ediləcəyi bildirilib. Çəkilişləri Yılmaz Aydın adlı şəxs kamera vasitəsi ilə çəkilişlər edib.Lakin qeyd edilən tədris mərhələsi başa çatsa da, çəkilişlər həyata keçirilməyib, diplomlar təqdim olunmayıb, vəd edilən fəaliyyətlər yerinə yetməyib. Dəfələrlə əlaqə saxlamağa çalışsaq da, heç bir rəsmi cavab ala bilməmişik. Həmin ünvana dəfələrlə getmişik qapı bağlıdır”.
Şikayətdə vurğulanır ki, 600-1000 manat arası məbləğ ya nağd şəkildə, ya da Zeynalova Nubar Mahir qızının adına olan şəxsi banka köçürmə yolu ilə ödətdirilib. Müqavilələr “Ekol Media” MMC adından direktor Akman Murat tərəfindən imzalanıb.
Şikayətçilər bildirir ki, bu hal aldatma niyyəti ilə həyata keçirilən qeyri-şəffaf fəaliyyətin göstəricisidir. Sosial şəbəkələrdə “təmannasız iştirak” kimi təqdim olunan layihə əksinə olaraq pullu olub və heç bir xidməti tam şəkildə təqdim etməyib.
“Gələcəkdə digər insanların da bu kimi hallardan qorunması üçün məlumatlandırma işləri aparılsın”, - deyə E.Hüseynov qeyd edib.
Şikayətçilər ödəniş qəbzləri, müqavilə nüsxələri və digər sübutedici sənədləri təqdim etməyə hazır olduqlarını da bildiriblər.
Mina Mikayılova