Sloveniya və Azərbaycan arasında işgüzar əlaqələrin, xüsusilə investisiya sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Sloveniyanın “SPIRIT Slovenia” Biznesin İnkişafı Agentliyinin katibi Tanya Drobnik (Tanja Drobnič) Bakıda keçirilən biznes forum çərçivəsində bildirib.
"Biz bu kontekstdə əminik ki, gələcəkdə vəziyyət yaxşıya doğru dəyişəcək. Artıq bu biznes nümayəndə heyətinin hazırlanması mərhələsində müşahidə etdik ki, Sloveniya şirkətləri rəqəmsallaşma, əczaçılıq, kənd təsərrüfatı və bir çox digər sənaye sahələrində yüksək texnoloji həllər təklif edə bilər. Biz həqiqətən hesab edirik ki, ərzaq sektoru və kənd təsərrüfatı mühüm rol oynayır", - T.Drobnik qeyd edib.
Onun sözlərinə görə, bu gün hər iki ölkə sağlam ətraf mühit, sağlam qidalanma və dünya iqtisadiyyatının ekoloji transformasiyası kimi məsələlərə diqqət yetirir.
"Lakin son nəticədə insanların sağlam təbiətimizin qorunmasının zəruriliyini dərk etməsi xüsusilə vacibdir. Bu mənada biz qəti şəkildə inanırıq ki, Sloveniya və Azərbaycan uğurlu əməkdaşlığın parlaq nümunəsi ola bilər. Səhiyyəyə gəldikdə isə, bu sahədə də inkişaf üçün böyük potensial görürük. Söhbət təkcə Sloveniya və ya Azərbaycanda reabilitasiya və müalicədən deyil, həm də genetik preparatların və tibbi avadanlıqların istehsalından başlayaraq tibb müəssisələrinin yaradılması, müalicədən sonrakı qulluq və ixtisaslaşdırılmış tibbi xidmətlərə qədər tibb sahəsində geniş spektrli istiqamətlərin inkişafından gedir", - agentliyin katibi əlavə edib.