"Ailə vəziyyəti haqqında arayış"ın ("Subaylıq haqqında arayış") alınması “mygov” platformasına inteqrasiya edilib.
Bu barədə Bakıvaxtı.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Bu yenilik sayəsində vətəndaşlar rəsmi olaraq ailə vəziyyətinin subay olduğunu təsdiq edən sənədi tam rəqəmsal formada əldə edə biləcəklər. “Ailə vəziyyəti haqqında arayış” (Subaylıq haqqında arayış) yeni nikaha daxil olarkən, xaricdə nikah bağlayarkən, mülki-hüquqi məsələlərdə (məsələn, vərəsəlik və ya immiqrasiya prosedurlarında), xarici ölkələrdə vətəndaşlıq və ya daimi yaşayış icazəsi üçün müraciət edərkən tələb oluna bilər.
Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:
- Vətəndaş “mygov” platformasına giriş edərək “Xidmətlər” bölməsindən "Subaylıq haqqında arayış" xidmətinə daxil olur
- "Yeni müraciət" düyməsinə klik edir
- Arayışın təqdim olunacağı yeri seçir: ölkə və ya səfirlik
- Siyahıdan uyğun ölkəni və ya səfirliyi seçir
- Əlaqə nömrəsini və elektron poçt ünvanını daxil edir
- Qeyd bölməsinə əlavə məlumat yazır (İstəyə bağlı olaraq)
- Daxil edilmiş məlumatları təsdiqləyir
- Yekunda sorğu Ədliyyə Nazirliyinə yönləndirilir
Sənəd hazır olduqdan sonra istifadəçi “mygov” platformasının “Tarixçə” bölməsindən "Sənədə bax" düyməsinə klik edərək arayışı əldə edə bilər. “Ailə vəziyyəti haqqında arayış”ın (Subaylıq haqqında arayış) alınması üçün dövlət rüsumu tələb olunmur.