• Bakı 11° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

Sülhməramlılar ərazimizdən çıxır? - Azərbaycan dövlətinin prinsipial mövqeyi odur ki...

GÜNDƏM

02 Oktyabr 2023 | 10:30

Sülhməramlılar ərazimizdən çıxır? - Azərbaycan dövlətinin prinsipial mövqeyi odur ki...

Qarabağdakı Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycan tərəfi ilə müzakirə olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bildirən Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, indi Azərbaycan ərazisində yerləşən missiyanın bölgədə qalma müddəti Azərbaycan tərəfi ilə müzakirə predmeti olacaq. Rusiya sülhməramlı kontingenti 10 noyabr tarixli üçtərəfli razılaşması əsasında 5 il müddətinə yerləşdirilib. Lakin separatçı rejimin özünü buraxmasından və bölgədə son günlər baş verənlərdən sonra hesab olunur ki, erməni sakinlərin reinteqrasiyasından sonra rus sülhməramlılarının fəaliyyətinə ehtiyac qalmayacaq.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a deyib ki, Rusiya hər vəchlə əsgərlərinin Qarabağda qalma müddətini maksimum uzatmağa çalışacaq.

Analitik vurğulayıb ki, Moskva sülhməramlı hərbi kontingentinin varlığı sayəsində həm Cənubi Qafqaza, həm də Azərbaycana təsir imkanlarını saxlayır: "Xatırlayırsızsa, Soçidə Azərbaycan-Ermənistan rəhbərlərinin diqqətinə çatdırılmışdı ki, müddət 10-15 il də uzadıla bilər. Ermənistan hökumətinin başçısı buna etiraz etmədiyini bildirmişdi. Azərbaycan tərəfi isə ümumiyyətlə, bununla bağlı sənədin masaya gətirilməsinə birmənalı qarşı çıxmışdı. Dövlət başçısı bir neçə dəfə açıq şəkildə bəyan etmişdi ki, rus sülhməramlılarının torpaqlarımızda qalma müddəti uzadılmayacaq. Bizim mövqeyimizdə yenilik, dəyişiklik yoxdur, vaxtı çatanda rus sülhməramlıları ərazimizi tərk edəcək".

Müsahibimiz qeyd edib ki, Rusiya sülhməramlılarının bölgədə qalması ilə bağlı iki məsələ gündəmdədir: "Müqavilənin iki tərəfi var. Üçtərəfli bəyanata görə, Rusiya sülhməramlı kontingentinin regionda qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri müddəanın tətbiqinə xitam verilməsini istəməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Ancaq məsələ ondadır ki, Ermənistan artıq Qarabağda olmadığını, tərəf olmadığını bəyan edib. Bu da rus sülhməramlılarının qalma müddəti ilə bağlı Azərbaycanın tərəf kimi söz haqqını gücləndirir”.

Turab Rzayev: Rusiya hər vəchlə əsgərlərinin Qarabağda qalma müddətini maksimum uzatmağa çalışacaq

T.Rzayev bildirib ki, əslində bu məsələdə Azərbaycan tək deyil və yanında Türkiyə var. Türkiyənin də rus sülhməramlıları ilə bağlı konkret mövqeyi bəllidir: “Prezident Rəcəb Tayyip Ərdoğan açıq şəkildə bəyan etdi ki, vaxtı bitəndə ruslar çıxıb gedəcək. Qarabağ məsələsi həllini tapdıqdan sonra ümumiyyətlə, orada sülhməramlıların qalmasına ehtiyac yoxdur. Yəqin ki, Bakı-Moskva müzakirələrindən sonra yekun qərar veriləcək. Azərbaycan dövlətinin prinsipial mövqeyi odur ki, müddət uzadılmasın və sülhməramlı kontingent ərazimizdən çıxsın".

Aydın Baxış


SON XƏBƏRLƏR