Azərbaycanın ali təhsil sistemində özünəməxsus yeri və nüfuzu olan Sumqayıt Dövlət Universiteti son illərdə həm təhsil keyfiyyəti, həm elmi potensialı, həm də beynəlxalq əməkdaşlıq istiqamətində əldə etdiyi uğurlarla diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərmana əsasən yaradılan universitet, bu gün ölkənin aparıcı regional ali təhsil müəssisələrindən biri kimi fəaliyyət göstərir.
Əsası 1962-ci ildə ölkənin sənaye paytaxtı hesab edilən Sumqayıt şəhərində qoyulan ali məktəb ilk növbədə Azərbaycanın sürətlə inkişaf edən sənaye və kimya sektorları üçün yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması məqsədilə təsis edilmişdir. Aradan keçən onilliklər ərzində universitet öz fəaliyyət istiqamətlərini genişləndirərək klassik mühəndislik məktəbi ilə yanaşı, humanitar, iqtisadi və təbiət elmləri sahələrində də güclü akademik baza formalaşdırmağa nail olmuşdur.
Bu gün universitetdə İqtisadiyyat və idarəetmə, Mühəndislik, Təbiət elmləri, Tarix və coğrafiya, Riyaziyyat və Filologiya fakültələri fəaliyyət göstərir. Bakalavriat, magistratura, doktorantura və elmlər doktorluğu səviyyələrində təhsil proqramları həyata keçirilir. Tədris prosesi müasir standartlara uyğun qurulmaqla yanaşı, elmi-tədqiqat fəaliyyətinin inkişafı da universitet rəhbərliyinin əsas prioritetlərindən hesab olunur.

Universitetin strateji inkişaf konsepsiyası ölkənin sənaye, iqtisadiyyat və sosial inkişafına töhfə verəcək rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına xidmət edir. Bu məqsədlə SDU yerli və beynəlxalq əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığını ön plana çıxarır. Məhz bu yanaşmanın nəticəsidir ki, universitet SOCAR strukturları, Sumqayıt Texnologiyalar Parkı, AzərEnerji, Azərişıq, Aztelekom, Atəşgah Sığorta, müxtəlif banklar və sənaye müəssisələri ilə sıx əməkdaşlıq quraraq tələbələrin istehsalat təcrübəsi, təcrübə proqramları və gələcək məşğulluq imkanlarını genişləndirir.
Universitetin fəaliyyətində tələbəyönümlülük əsas prinsiplərdən biri hesab olunur. Şəffaflıq, akademik dürüstlük, inklüzivlik, sosial məsuliyyət və davamlı inkişaf prinsipləri SDU-nun idarəetmə fəlsəfəsinin əsasını təşkil edir. Bu yanaşma universitetin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verir.
Son illərdə beynəlxalq reytinqlərdə əldə olunan uğurlar da bunun bariz göstəricisidir. SDU-nun dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan QS tərəfindən Avropa Universitetlərinin Reytinqində yer alması ali məktəbin beynəlxalq nüfuzunun artdığını göstərir. Bununla yanaşı, universitetin UI GreenMetric Dünya Universitetləri Reytinqində təmsil olunması və Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasına üzv seçilməsi təhsil müəssisəsinin dayanıqlı inkişaf və ekoloji məsuliyyət sahəsində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.
Yeni inkişaf mərhələsinin memarı – professor Nurəli Yusifbəyli
Sumqayıt Dövlət Universitetinin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən hadisələrdən biri də Azərbaycan Respublikası Prezidentinin 5 may 2026-cı il tarixli Sərəncamı ilə professor Nurəli Adil oğlu Yusifbəylinin universitetin rektoru vəzifəsinə təyin olunmasıdır.
Professor Nurəli Yusifbəyli Azərbaycan energetika elminin və enerji idarəçiliyinin tanınmış simalarından biridir. Texnika elmləri doktoru və professor olan alim uzun illər ərzində həm elmi fəaliyyət, həm də dövlət idarəçiliyi sahəsində böyük təcrübə qazanmışdır. Onun peşəkar fəaliyyəti enerji sistemlərinin idarə olunması, enerji təhlükəsizliyi, elektroenergetika və bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətlərini əhatə edir.
Energetika sahəsində uzunmüddətli fəaliyyəti dövründə o, Azərenerji sistemində ən məsul vəzifələrdə çalışmış, Mərkəzi Dispetçer İdarəsinin rəisi, Elektrik Enerjisi İstehsalat Birliyinin baş direktorunun müavini və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru kimi ölkənin enerji sisteminin modernləşdirilməsi prosesində mühüm rol oynamışdır.
Sonrakı illərdə dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərən Nurəli Yusifbəyli İqtisadiyyat və Sənaye Nazirliyində strateji planlaşdırma istiqamətinə rəhbərlik etmiş, daha sonra Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini kimi ölkədə yaşıl enerji siyasətinin həyata keçirilməsinə töhfə vermişdir. Onun rəhbərliyi və iştirakı ilə həyata keçirilən layihələr Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji resurslarından səmərəli istifadənin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

2021-ci ildə Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunan professor Nurəli Yusifbəyli ali təhsil sahəsində də səmərəli idarəçilik nümunəsi ortaya qoymuşdur. Təhsil prosesinin müasirləşdirilməsi, rəqəmsallaşdırılması, sənaye-universitet əməkdaşlığının genişləndirilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər akademik ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Professor Nurəli Yusifbəylinin elmi fəaliyyəti də olduqca zəngindir. O, 200-dən artıq elmi məqalənin, 8 fundamental kitabın, patentlərin və müxtəlif texniki standartların müəllifidir. Alimin rəhbərliyi ilə həyata keçirilən beynəlxalq layihələr arasında ECO regionunun enerji strategiyası və Xəzər hövzəsinin enerji təhlükəsizliyi layihələri xüsusi yer tutur. Onun elmi araşdırmaları enerji sistemlərinin dayanıqlılığı, rəqəmsal enerji idarəetməsi və alternativ enerji mənbələrinin inteqrasiyası kimi müasir dövrün aktual istiqamətlərini əhatə edir.
Beynəlxalq elmi ictimaiyyətdə də tanınan alim IEEE üzvü, ECO Academy-nin akademiki, həmçinin “Electroenergetics, Technics, Mechanics + Control” beynəlxalq elmi jurnalının baş redaktorudur. Onun elmi və təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək “Əməkdar mühəndis”, “Əməkdar elm xadimi” və “MDB-nin Əməkdar energetiki” kimi nüfuzlu fəxri adlarla təltif edilmişdir.
Gələcəyə baxış
Bu gün Sumqayıt Dövlət Universiteti yeni rektor professor Nurəli Yusifbəylinin rəhbərliyi altında inkişafının növbəti mərhələsinə qədəm qoyur. Onun enerji sistemlərinin idarə olunması, strateji planlaşdırma, innovasiya və ali təhsil sahələrində qazandığı zəngin təcrübə universitetin elmi potensialının daha da gücləndirilməsinə, beynəlxalq nüfuzunun artmasına və sənaye ilə inteqrasiyasının genişlənməsinə mühüm töhfə verəcək.
Elm və təhsilin vəhdətini əsas fəaliyyət prinsipi kimi müəyyənləşdirən Sumqayıt Dövlət Universiteti qarşıdakı illərdə də Azərbaycanın intellektual inkişafına xidmət edən, müasir düşüncəli, yüksək ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanmasında mühüm rol oynamaqda davam edəcək. Professor Nurəli Yusifbəylinin rəhbərliyi isə bu strateji hədəflərin reallaşdırılması istiqamətində universitet üçün yeni imkanlar və yeni uğurlar vəd edir.
Əli Hüseynov,
Bakıvaxtı.az
Bakı 



