• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Şuşa Bəyannaməsi böyük Türk birliyinin gələcək hüquqi təməlinin əsasını qoydu - Deputat

SİYASƏT

12 Iyun 2022 | 14:38 | Müəllif: Qalib İbrahimoğlu

Şuşa Bəyannaməsi böyük Türk birliyinin gələcək hüquqi təməlinin əsasını qoydu - Deputat

Bugünlərdə ölkəmizin həyatında və xalqımızın taleyində misilsiz əhəmiyyəti olan iki tarixi hadisəni qeyd edəcəyik. 15 İyun - Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinim ildönümü. Hər iki hadisə bir-birilə çox sıx bağlı olan tarixlərdir.

Əlbəttə bu iki tarixi hadisə ayrılıqda o qədər əhəmiyyətlidir ki, onlar haqqında günlərlə danışmaq olar. Sözsüz ki, Azərbaycan xalqı bütövlükdə bu şərəfli hadisələrin canlı şahididirlər.

Hələ də dünya mediasında əsas yazı kimi verilən Şuşa Bəyannaməsi haqqında fikirlərini Bakıvaxtı.az-la bölüşən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu sənədin imzalanması Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, işbirliyi və əməkdaşlığı tarixində çox mühüm və əlamətdar bir hadisədir: "Belə ki, xalqımızım 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin məntiqi davamı kimi iki ölkə tərəfindən 2021-ci il iyunun 15-də tarixi Şuşa Bəyannaməsi imzalandı.  Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, bu Bəyannamənin iki qardaş ölkə, bölgə, könül coğrafiyamız və eləcə də dünyamız üçün əhəmiyyəti gələcəkdə də çox danışılacaq və təhlil ediləcək".

Bəyannamənin əhəmiyyətinin ən əsas üç istiqamətini və qrupunu xüsusi vurğulayan deputat qeyd edib ki, birincisi, iki ölkə arasında müttəfiqlik münasibətlərinin qurulması, ikincisi, regional təhlükəsizliyin və əməkdaşlığın təminatındakı rolu, növbəti isə qlobal əməkdaşlığa töhfə verməsi və qlobal çağırışlarla birgə mübarizədir: "Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdi. Getdikcə artan kürəsəl təhlükələr fonunda belə bir sənədin imzalanması, həm də bu iki ölkənin liderlərinin prinsipiallığı, fədakarlığı və uzaqgörənliyi sayəsində baş tutdu. Sözsüz ki, müttəfiqlik bir çox müddəalarda öz əksini tapıb. Hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi, xarici təhdid, hücum və təcavüzə qarşı bir-birini müdafiə, birgə hərbi sənaye məhsullarının istehsalı Bəyannamədə qeyd edildiyi kimi, görüləcək işlər sırasındadır".

Məlahət İbrahimqızı

Eyni zamanda, Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə birgə iclaslarının keçirilməsi, ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, Qarabağ quruculuğunda birgə fəaliyyət, informasiya müharibəsində birgə addımlar, diasporların birgə fəaliyyəti, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi kimi zəruri məqamlar bu sənəddə təsbit  olunub. Deputata görə, diqqətçəkici məqamlardan biri də odur ki, Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin qarantı kimi göstərilir: "Yəni, bu sənəd dünyaya bəyan edir ki, bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, hər iki dövlətin suverenliyinə qarşı  təhdid olarsa, onlar qarşılarında yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar. Bəyannamədə İki dost və qardaş ölkə indiyə kimi imzaladıqları bütün beynəlxalq sənədlərə, xüsusilə, 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarınıl bir daha təsdiq edirlər. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsinin önəmi qalmaqla bərabər, həm də funksionallığı ilə qüvvədədir. Bu isə Zəngəzur dəhlizinin açılmasına və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinə təminat verir. Bəyannamədə göstərilən Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti isə Türkiyəyə qarşı əsassız soyqırımı iddialarının qarşısının alınmasında faydalı ola bilər. Bu Bəyannamə, həmçinin qlobal əməkdaşlığa töhfə verməsi və bütün çağırışlarla birgə mübarizə istiqamətində də önəmlidir".

M.İbrahimqızı bildirib ki, Şuşa Bəyannaməsi sadəcə Azərbaycan və Türkiyə ilə məhdudlaşmır, eyni zamanda, böyük Türk birliyinin gələcək hüquqi təməlinin də əsasını qoyur: "İnşallah əminik ki, bu sənəd iki ölkənin sərhədlərini aşaraq, bütövlükdə könül coğrafiyamız olan bütün türk məkanını əhatə edəcək. Hər zaman olduğu kimi, bundan sonra da Azərbaycan və Türkiyə qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bütün platformalarda bir-birinə qarşılıqlı dəstək verməklə koordinasiyalı fəaliyyət göstərəcəklər. Bu Bəyannamənin imzalanması İki ölkə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin həlli istiqamətində də birgə fəaliyyətə tam hüquqi baza yaradıb. Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın liderlik rolu daha da artacaq. Şərq-Qərb, beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan və Türkiyə vacib rola malik olacaqlar. Eyni zamanda, iki ölkə beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizəni daha da genişləndirəcək".

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə cavab verir. Bu Bəyannamədən sonra Bakı və Ankara iki qardaş dövlətin münasibətlərini təkcə tarixi, mədəni yaxınlıq və ya eyni dil, din və etnos üzərində deyil, həm də beynəlxalq hüquq çərçivəsində və siyasi dialoq mühitində qurulacaq: "Beynəlxalq hüquqa uyğun olaraq iki qardaş ölkənin dövlətlərarası münasibətləri suverenlik, bərabərhüquqluluq, daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənmiş şərtlər daxilində tənzimlənir. Son olaraq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsinin hərbi-siyasi əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlmir".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026