Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.
Bakıvaxtı.az əbər verir ki, SSRİ Baş Prokurorluğunda başlanmış cinayət işində vaxtilə şahid qismində dindirilmiş Artur Abramyanın elan olunmuş ifadəsinə əsasən, Qarabağdakı mitinqə Arkadi Manuçarov, Zoriy Balayan, Henrik Poqosyan, Maksim Babayan, tikinti idarəsinin rəisi Roles Aqacanyan, Vladik Sarkisyan və tanımadığı digər şəxslər rəhbərlik ediblər. Murad Petrosyan və Serj Sarkisyan aralarındakı razılaşmaya əsasən Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin silahlandırılmasını həyata keçiriblər.
Bundan başqa, Azərbaycan ərazilərində olan qanunsuz erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə Azərbaycan ərazilərinə göndərib. Həmin pulları Azərbaycan ərazilərində Robert Köçəryan qəbul edərək qanunsuz erməni silahlı birləşmələrinə paylayıb. Eləcə də Şuşa-Xankəndi avtomobil yolunun 14-cü kilometrliyində - Xəlfəliçay çayının üzərindən keçən körpünün partladılması barədə göstərişi Murad Petrosyan verib.
Həmin cinayət işi üzrə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində mövcud olmuş qondarma rejimin “müdafiə naziri”, “Təhlükəsizlik Şurasının katibi” olmuş Samvel Babayan ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində 1990-1991-ci illərdə verdiyi ifadələrində bildirib ki, 1991-ci ilin aprelində Yevlax-Laçın avtomobil yolunda mülki sərnişin avtobusunu partladan Samvel Baqmanyan Murad Petrosyanın ümumi rəhbərlik etdiyi qanunsuz erməni silahlı birləşmələrinin üzvü olub. M.Petrosyan isə Robert Köçəryanın komandasına xidmət edib.