18.01.2025-ci il tarixində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alan və Yeni Klinikaya təxliyə olunan qızın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bakıvaxtı.az xəbər verir ki barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunur ki, 2015-ci il təvəllüdlü uşağın sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərdə təktərəfli pnevmotoraks aşkarlanıb. Döş qəfəsi balonu yerləşdirilib.
Sağ təpə sümüyündəki tək tərəfli sınıq və beyindəki ağır ödəm səbəbi ilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilib.
Zəruri bütün tibbi müdaxilələr edilib və Uşaq Reanimasiyası şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, ötən gün İmişli rayonu ərazisində xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.