Almaniyanın Heidelberg və Köln universitetlərindən olan alimlər ağıllı telefon istifadəsinin beyin aktivliyinə təsirini araşdırıblar.
Bakıvaxtı.az xəbər verir ki, araşdırmanın nəticələri “Computers in Human Behavior” jurnalında dərc olunub.
Almaniyalı alimlər 72 saatlıq telefon qadağasının beyin fəaliyyətini dəyişdirdiyini aşkar ediblər. MRT nəticələri göstərdi ki, beyindəki mükafat və asılılıq mexanizmləri telefon görüntülərinə cavab olaraq işə salınıb.
18-30 yaş aralığında olan 25 iştirakçıdan 72 saat ərzində ağıllı telefon istifadəsini minimuma endirmələri tələb olunub. Yalnız vacib ünsiyyət və işlə bağlı fəaliyyətlərə icazə verilib.
Alimlər iştirakçıların beyin aktivliyini qiymətləndirmək üçün Maqnit Rezonans Tomoqrafiyası (MRT) skanları və psixoloji testlər tətbiq ediblər.
Araşdırma zamanı iştirakçılara açıq və bağlı telefon görüntüləri, həmçinin neytral vizuallar (çiçəklər, qayıqlar və s.) təqdim edilib. MRT nəticələri göstərib ki, telefon görüntüləri beyində mükafatlandırma və asılılıqla bağlı mexanizmləri aktivləşdirir.
Bu nəticələr ağıllı telefon istifadəsinin nikotin və alkoqol kimi asılılıq yarada biləcəyini sübut edir. Beyində dopamin və serotonin sistemləri ilə bağlı dəyişikliklər müşahidə olunub. Bu iki kimyəvi maddə davranış nəzarəti və emosional vəziyyətlə əlaqəli olub, asılılıq yaradan faktorlar sırasına daxildir.
Psixoloji testlər nəticəsində iştirakçıların əhval-ruhiyyəsində ciddi bir dəyişiklik qeydə alınmasa da, bəzilərinin telefon istifadəsini azaltdıqdan sonra emosional durumlarının yaxşılaşdığını hiss etdikləri bildirilib.
Alimlər əldə edilən nəticələrin ağıllı telefon asılılığı haqqında mühüm ipucları verdiyini qeyd edirlər. Bununla yanaşı, sosial media istifadəsi və sosial əlaqələrin bu prosesdəki rolunun daha ətraflı araşdırılmalı olduğu vurğulanıb.
Nuriyyə Musayeva