Bir həftəlik Yeni il tətili bitdi. Bu gündən hər kəs əvvəlki iş rejimi ilə işləməyə başlayıb. Ancaq hər tətildən sonra olduğu kimi, bu dəfə də işə adaptasiyada çətinlik çəkirik.
Bu gün və sonrakı günlər işə daha rahat öyrəşmək üçün nə etməliyik?
Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, adaptasiya yeni bir mühitə, həyat tərzinə, fəsilə və s. öyrəşmək deməkdir: “Çox zaman insanlar öyrəşdikləri rejimdən yenisinə keçərkən adaptasiya olmaqda çətinlik çəkirlər. Artıq bayram günləri geridə qaldı, əvvəlki iş, məktəb rejimimizə, gündəlik həyat tərzimizə geri qayıdırıq”.
Psixoloq qeyd edib ki, bu gün insanlar işə adaptasiyada çətinlik çəkə bilərlər: “Çünki bir neçə gün də olsa, insan tətil zamanı öyrəşdiyi həyat tərzindən uzaqlaşır, daha rahat rejimə keçir. Bu zaman yuxu vaxtı, yemək rejimi dəyişir. Bu da insanlarda tətil zamanı bitdikdən sonra işə öyrəşməkdə çətinlik yaradır”.
Müsahibimiz bildirib ki, əlbəttə, istirahət hər birimiz üçün lazımdır, ancaq tətildən sonra problem yaşamamaq üçün işə başlamadan əvvəl 1-2 gün iş saatına uyğun yatıb durmalıyıq. Çünki insan işə başlayandan ən çox səhər durmaqda və qidalanmada əziyyət çəkir.

Günay Kərimi: Tətildən sonra problem yaşamamaq üçün işə başlamadan əvvəl 1-2 gün iş saatına uyğun yatıb durmalıyıq
Onun sözlərinə görə, təbii ki, bu, hamıda olmur. Elə insanlar var ki, onlar işlərini çox sevir, tətil vaxtı belə iş üçün darıxırlar. Belə insanlar adaptasiya problem yaşamırlar: “Problem yaşayan insanlar yuxu və qida rejimini qaydasına salsalar, tətil bitdikdən sonra işə adaptasiya olmaqda çətinlik çəkməzlər.
Aytac Aslan
















