Hindistan qoşunlarının Rusiya-Belarus "Zapad-2025" təlimlərində iştirakı Qərbin narahatlığına səbəb olub.
Bakıvaxtı.az "The Times" qəzetinə istinadən xəbər verir ki, Qərb analitikləri Rusiya ilə NATO arasında gərginliyin artdığı bir vaxtda Hindistanın hərbi təlimlərə qoşulma qərarının narahatedici siqnal olduğunu bildiriblər.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, Hindistan Silahlı Qüvvələrinin 65 şəxsi heyəti "Zapad-2025" çoxtərəfli birgə hərbi təlimlərində iştirak edir.
Amerikalı geostrateji məsləhətçi və ABŞ Dövlət Departamentində dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini David Merkelə görə, Hindistanın bu qərarı onun Moskva ilə əlaqələrinə nə qədər dəyər verdiyini göstərir. Vaşinqton və Yeni Dehli arasında münasibətlərin soyumasından sonra Hindistanın Zapad təlimlərində fəal iştirakı ABŞ-Hindistan təhlükəsizlik münasibətlərinin gələcək miqyası ilə bağlı narahatlıqları artırır.
Xatırladaq ki, sentyabrın 12-də Rusiya və Belarus Silahlı Qüvvələrinin "Zapad-2025" birgə strateji təlimləri başlayıb.Təlimlər iki ölkənin silahlı qüvvələrinin 2025-ci ildə birgə təlimlərinin yekun mərhələsidir. Qoşunların praktiki hərəkətlərinin hər iki ölkənin ərazilərində, eləcə də Baltik və Barents dənizlərinin sularında yerləşən poliqonlarda keçirilməsi nəzərdə tutulub.
Gülşən Şərif