Azərbaycanın iki sabiq xarici işlər naziri arasından "qara pişik" keçib.
Bakıvaxtı.az modern.az-a istinadla xəbər verir ki, eks-nazir Tofiq Zülfüqarov (5 mart 1998 - 26 oktyabr 1999-cu il aralığında nazir işləyib) özündən xeyli sonra həmin postu tutmuş Elmar Məmmədyarova (2 aprel 2004 - 16 iyul 2020-ci il aralığında nazir işləyib) söz atıb.
Belə ki, Tofiq Zülfüqarov özünün “Facebook” səhifəsindəki paylaşımında Elmar Məmmətyarova belə bir atmaca ilə toxunub:
“Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü bolger.-red) yutub kanalında məni əvəz edəcək...
Ah, "Rus evi" – sən necə də çoxüzlüsən”.
Tofiq Zülfüqarov bu atamaca ilə Elmar Məmmədyarovun bir müddət öncə Bakıda fəaliyyəti dayandırılan “Rus evi” ilə əməkdaşlıq etdiyinə işarə vurub. Qeyd edək ki, mətbuatda “Rus evi” ilə əməkdaşlıq edən eks-məmurlar kimi Ramiz Mehdiyev, Əbülfəs Qarayev, Eldar Mahmudovla yanaşı, Elmar Məmmədyarovun da adı çəkilmiş, onlar “rus agenti” adlandırılmışdılar.
Tofiq Zülfüqarovun atmacalı paylaşımına “Facebook” izləyiciləri tərəfindən müxtəlif reaksiyalar verilib.
İzləyicilərdən biri ona “siz güman edirsiniz ki, bu, birbaşa və ya dolayısı ilə “Rus evi”nə bağlı hadisələrlə əlaqədar ola bilər?”, - deyə sual ünvanlayıb.
Tofiq Zülfüqarov “Bəli”, - deyə suala cavab verib.
“Bəs necə olur ki, agentdir, amma rahat surətdə kanalları gəzir?”, - deyə digər “Facebook” izləyicisi Tofiq Zülfüqarovdan soruşub. Eks-nazirin isə cavabı belə olub: "Həm də ona samballı kampaniya təşkil edirlər”.
Paylaşımı E.Məmmədyarova qarşı ittiham kimi qəbul olunan T.Zülfüqarov digər rəylərə də qısa münasibət bildirib.