Xəbər verdiyimiz kimi, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.
Məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir.
Bəs, tozlu hava kimlər üçün əlverişsizdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, tozlu hava şəraiti birbaşa olaraq allergiyası olan insanlara mənfi təsir göstərir.
Onun sözlərinə görə, xroniki tənəffüs yollarında allergiyası olanlar və əsasən də astma xəstələri diqqətli olmalıdırlar:
“Təəssüf ki, pandemiyadan sonra allergik reaksiyalar daha da kəskinləşib və artıq xroniki xəstəliyi olmayan insanlarda belə müşahidə olunur”.
Günay Lətifova: "Qulaqdan-qulağa eşidilən məsləhətlərə əsaslanmaq düzgün deyil"
Belə havalarda ilk növbədə astma xəstələrinin diqqətli olmalısının vacibliyini vurğulayan G.Lətifova qeyd edib ki, onların özlərinə məxsus inhalyatorları var və mütləq şəkildə hər zaman üzərlərində saxlamalıdırlar.
Həkim nəzərə çatdırıb ki, kimdəsə qəfil allergik reaksiya baş verərsə və bu hal 1–2 saatdan artıq davam edərsə, allergiya əleyhinə preparatlar qəbul edilə bilər:
“Amma bu yalnız ailə həkimi və terapevtlə məsləhətləşdikdən sonra edilməlidir. Çünki allergiya əleyhinə dərmanların müxtəlif növləri var və yanlış doza orqanizmə zərər verə bilər”.
Ümumiyyətlə, dərman qəbuluna yalnız həkimlə məsləhətləşərək başlamaq lazımdır deyən terapevt əlavə edib ki, qulaqdan-qulağa eşidilən məsləhətlərə dərman qəbul etmək yanlışdır:
“Profilaktik olaraq hava şəraitini dəyişmək mümkün deyil, amma özümüzü qoruya bilərik. Əgər narahatlıq hiss olunursa, həkimə müraciət edilməlidir. Həmçinin tozlu havada maskadan istifadə etmək, gün allergiyası olanlar üçün isə çətirdən istifadə etmək faydalıdır. Ən əsası isə hər kəs öz sağlamlığı ilə bağlı məsuliyyətli olmalı və bir növ özünün həkimi olmağı bacarmalıdır”.
Mina Mikayılova