• Bakı 27° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Tramp iki cəbhədə razılaşma axtarır: Vaşinqtonda Ukrayna və Yaxın Şərq müzakirələri

SİYASƏT

28 Iyul 2026 | 13:48

Tramp iki cəbhədə razılaşma axtarır: Vaşinqtonda Ukrayna və Yaxın Şərq müzakirələri

ABŞ prezidenti Donald Tramp bu gün axşam Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Oval Ofisdəki görüşün jurnalistlər üçün qapalı keçirilməsi planlaşdırılır.

Cədvələ uyğun olaraq, Donald Tramp daha sonra Oval Ofisdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Bu görüşün də jurnalistlər üçün qapalı keçirilməsi planlaşdırılır.

Zelenski-Tramp görüşündə Rusiya ilə Ukrayna arasında davam edən sülh prosesi müzakirə ediləcək. Netanyahu ilə Trampın görüşündə isə İranla bağlı vəziyyəti, Livandakı Üçtərəfli Çərçivə üzrə əldə olunan irəliləyişi, eləcə də Abraham sazişlərinin genişləndirilməsi məsələsini müzakirə edəcəklər.

“New York Post” qəzeti məlumat yayıb ki, Netanyahu Trampla Nətənz nüvə obyektinin yaxınlığındakı Külüng dağı ilə bağlı kəşfiyyat məlumatlarını paylaşacaq. Netanyahu bundan başqa Trampa İŞİD-in nüvə və raket proqramları ilə bağlı İsrail kəşfiyyat məlumatlarını da təqdim etmək niyyətindədir.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, görüşlərin üst-üstə düşməsi ondan xəbər verir ki, ABŞ hazırda münaqişələrin həllində aparıcı rol oynamağa davam edir.

Ekspert bildirib ki, dünyanın diqqəti Vaşinqtondadır:

“Ağ Ev rəhbərinin həm Ukrayna prezideti Volodimir Zelenski ilə, həm də İsrail baş naziri Benyamin Netanyahu ilə müəyyən fikir ayrılıqları var. Bu fikir ayrılıqları münaqişələrin ABŞ-nin istəyi ilə bitməsinə əngəllər yaradır. Eyni zamanda ABŞ-nin, daha doğrusu Donald Trampın dünyadakı strategiyasının reallaşmasına çox ciddi mənfi təsir göstərir. Tramp hər zaman bəyan edir ki, ABŞ dünyadakı münaqişələri həll etməyə çalışır və düşünür ki, bunu etməklə Vaşinqtonun öz qlobal nüfuzu daha da artacaq və daha güclü beynəlxalq aktora çevriləcək. Amma görünən odur ki, verilən vədlər də özünü doğrultmur”.

İlqar Vəlizadə: Tramp maksimum çalışacaq ki, liderlərlə görüşlərdə müəyyən razılıqlar əldə edilsin

Analitik əlavə edib ki, hazırda Trampa ən ciddi etiraz bildirənlər amerikalılardır:

“Çünki Tramp heç bir münaqişəyə qarışmayacağını vəd etsə də, İranla müharibəyə başladı. O cümlədən, Rusiya və Ukrayna müharibəsinin dayandırılmasında da heç bir irəliləyiş yoxdur. Bütün bunlar qarşıdan gələn parlament seçkiləri fonunda Tramp administrasiyası üçün ciddi risk təşkil edir. Ona görə də Tramp maksimum çalışacaq ki, liderlərlə görüşlərdə müəyyən razılıqlar əldə edilsin. Təbii ki, hələlik heç bir anlaşmadan söhbət gedə bilməz. Çünki hər iki münaqişənin tərəfləri öz tələblərindən geri durmurlar”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026