ABŞ Prezidenti Donald Tramp Venesuelalı həmkarı Nikolas Maduro ilə ölkələri arasında gərginliyin artması fonunda mümkün müzakirələrdən danışıb. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, ABŞ-nin Latın Amerikası sahillərində narkotik ticarətinə qarşı hərbi kampaniyasından sonra regional vəziyyət xeyli pisləşib. D.Tramp Floridadakı “Palm Beach” Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında qeyd edib: “Maduro ilə müzakirələr apara bilərik. Müzakirələrdən sonra nəticənin necə olacağını görəcəyik".
Qeyd edək ki, ABŞ Ədliyyə Departamenti Venesuela liderinin tutulması üçün 50 milyon dollar mükafat təklif edib.
Yada salaq ki, bir müddət öncə, ABŞ dövlət katibi Marko Rubionun “narkotik ticarəti Qərb yarımkürəsinin Əl-Qaidəsidir” ifadəsi ABŞ-Venesuela gərginliyini bir qədər artırdı. Rəsmi izah “narkoticarətə qarşı mübarizə” kimi təqdim olunsa da, geosiyasi reallıqlar onu göstərir ki, məqsəd təkcə narkotiklərlə mübarizə deyil. Bu, həm də enerji resursları, regional təsir və qlobal güc balansı uğrunda gedən mübarizənin bir hissəsidir.
Aydın Baxış
Bakı 



