ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə razılığa gələ biləcəklərini və Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını bildirib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, bunu Tramp Floridadan Vaşinqtona qayıdarkən təyyarəsində mətbuat mənsublarına verdiyi açıqlamada deyib.
Uzun müddətdir Ukraynada seçkilərin keçirilmədiyinə işarə edən Ağ Ev sahibi: “Uzun müddətdir seçki olmayıb. Seçki vaxtıdır, həm də bütün pulların (ABŞ-ın Ukraynaya verdiyi) nə olduğunu öyrənmək vaxtıdır" deyə bildirib.
Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə danışıqların yaxşı getdiyini qeyd edən Amerika lideri bu məsələd Rusiya ilə çox yaxşı getdiklərini vurğulayıb:
“Onun (Ukrayna prezidenti Vladimir Zelenskinin) edə bilmədiyi bir şeyi Rusiya ilə edəcəyik. Potensial olaraq daha milyonlarla insanın öldürülməsini dayandırmaq üçün Rusiya ilə müqavilə bağlaya bilərik".
"Düşünürəm ki, ruslar müharibənin bitdiyini görmək istəyirlər. Kartlar bir az da onların əlindədir, çünki onlar bu qədər ərazi ələ keçiriblər", - deyən Tramp danışıqlarda Moskvanın Kiyev üzərində üstünlüyünə işarə edib.
Ukraynaya 350 milyard dollar xərclədiklərini və bu pul müqabilində bu ölkədən qiymətli minerallarla bağlı razılaşma tələb etdiklərini əsas gətirən Tramp, ABŞ-ın maliyyə naziri Scott Bessenti daha əvvəl Kiyevə göndərdiyini, lakin Zelenskinin qarşısında qoyulan müqaviləni imzalamadığını bildirib.
Murad Məmmədli
















