ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması haqqında sərəncam imzalayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ağ Evin rəsmi saytında müvafiq sənəd dərc edilib.
"Daxili işlər naziri Meksika Körfəzinin adının dəyişdirilməsini əks etdirmək üçün coğrafi adlara dair məlumat sistemini yeniləməlidir", - Tramp qeyd edib.
Maraqlıdır ki, Trampın qərarları prosesləri hansı məcraya aparacaq?
Mövzu il bağlı politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Tramp psixoloji üstünlüyü əldə saxlamaq üçün sözügedən iddialarını davam etdirmək niyyətindədir.
Onun sözlərinə görə, Tramp hələ inauqurasiyadan öncə ABŞ-nin bəzi əraziləri ilə bağlı iddialarını açıq şəkildə səsləndirirdi:
"O, Panama kanalı və Meksika körfəzi ilə bağlı fikirlər də səsləndirmişdi. Bir müddət sonra isə Qrelandiya ilə bağlı müəyyən iddialarını nümayiş etdirdi. Əslində Panama kanalı və Meksika körfəzi ABŞ-də rəhbərliyə gələn şəxslərin uzun illərdir hədəfində olan missiyalardan biri olub. Sadəcə olaraq bu problemin dünyada problemlər yaradacağını və ABŞ-nin növbəti dəfə ekspansionist adlandırılacağını yaxşı başa düşürlər”.
Müsahibimizə görə, Donald Trampın bu məsələdə israrının səbəbi ABŞ-nin geniş coğrafiyalara sirayət etməməsi ilə bağlı söylədiyi fikirlərə əsaslanır. Yəni, Tramp qlobal müharibələr və geniş coğrafiyalarda ABŞ-ni təmsilçiliyinin əvvəlki kimi olmayacağını vurğulayıb. O, bir növ geniş coğrafiyalardan çəkiləcəyini elan edərək, Meksika körfəzi və Panama sahillərində bu missiyalarını həyata keçirməyə çalışır.
Tural İsmayılov: Tramp psixoloji üstünlüyü əldə saxlamaq üçün iddialarını davam etdirir
Politoloq hesab edir ki, Meksika körfəzi ilə bağlı məsələ indiki şəraitdə o qədər də real görünmür.
"Çünki ABŞ ilə Meksika arasında müəyyən fikir ayrılıqları olsa da, hər halda sərhədləri bölüşürlər. ABŞ başa düşür ki, bu, çox böyük riskdir. Eyni zamanda Meksikadan müəyyən miqrant axınlarının kütləvi şəkildə Amerikaya yönləndirilməsi ABŞ-nin sərhəd təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər", - deyə Tural İsmayılov qeyd edib.
Gülşən Şərif