• Bakı 19° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə ittifaqı gündəmdə: Bu platforma bölgədə sülh üçün balans yaradır

SİYASƏT

09 Oktyabr 2025 | 17:00

Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə ittifaqı gündəmdə: Bu platforma bölgədə sülh üçün balans yaradır

Ankarada keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından mühüm strateji hadisədir.

Bu format ilk dəfə deyil, lakin son illərdə regional dinamikanın dəyişməsi – xüsusən də Rusiya-Ukrayna müharibəsi, Qafqazda sülh prosesinin aktivləşməsi və enerji-logistika marşrutlarının artan əhəmiyyəti - bu görüşə daha böyük siyasi məna qazandırır.

İlk növbədə, üçtərəfli görüş Ankara-Bakı-Tbilisi xəttinin regional sabitliyin əsas dayağına çevrildiyini göstərir. Bu format təkcə hərbi koordinasiyanı deyil, həm də enerji, nəqliyyat və kibertəhlükəsizlik sahələrində ortaq maraqları ehtiva edir. Türkiyə üçün bu model NATO-nun şərq cinahında strateji bufer zonanın möhkəmləndirilməsi deməkdir; Azərbaycan üçün isə həm Türkiyə, həm də Gürcüstan vasitəsilə Qara dəniz və Aralıq dənizi istiqamətlərində çıxış imkanlarının genişlənməsi anlamına gəlir. Gürcüstan bu platforma vasitəsilə həm Qərb strukturlarına inteqrasiyasını gücləndirir, həm də regiondakı balanslı mövqeyini qoruyur.

Nazirlərin gündəliyindəki əsas məsələlər - regional təhlükəsizlik, birgə hərbi təlimlər və müdafiə sənayesi əməkdaşlığı - həm texniki, həm də siyasi cəhətdən strateji əhəmiyyət daşıyır. Xüsusilə birgə təlimlərin keçirilməsi üç ölkənin ordularının qarşılıqlı uyğunluğunu artıracaq, mümkün fövqəladə vəziyyətlərdə (terror, kiberhücumlar, sərhəd təxribatları və s.) daha çevik reaksiya mexanizmi formalaşdıracaq. Bu, həm də Rusiyanın bölgədəki hərbi-siyasi təsirini balanslaşdıran yeni müdafiə platforması kimi qiymətləndirilir.

Bununla yanaşı, Ankara görüşü “Zəngəzur dəhlizi”, Orta Dəhliz və Bakı–Tbilisi–Qars kimi regional layihələrin təhlükəsizliyini təmin etmək baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu marşrutlar həm iqtisadi, həm də strateji baxımdan Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirən mühüm geosiyasi xətdir. Müdafiə nazirləri səviyyəsində aparılan dialoq həmin infrastrukturun təhlükəsizliyinə dövlət səviyyəsində təminat vermək məqsədi daşıyır.

Nəticə etibarilə, Ankaradakı üçtərəfli görüş Cənubi Qafqazda yeni regional təhlükəsizlik mexanizminin - Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə alyansının təməl forması kimi qiymətləndirilə bilər. Bu platforma həm NATO-nun strateji maraqları ilə uyğun gəlir, həm də bölgədə sülh və sabitlik üçün balans yaradır.

Görüşün nəticələri bir daha göstərir ki, Qafqazda real güc mərkəzləri artıq regional tərəfdaşlıq modeli əsasında formalaşır və bu modelin əsasını Bakı, Ankara və Tbilisi birliyi təşkil edir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR