Noyabrın 20-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cumhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürklerlə görüşüb.
Bu barədə Bakıvaxtı.az-a TÜRKPA-dan məlumat verilib.
Görüş zamanı ŞKTC Məclisinin TÜRKPA-dakı müşahidəçi statusu çərçivəsində son illər ərzində həyata keçirilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb. Mayın 28-31-də ŞKTC-də TÜRKPA-nın təşkil etdiyi Türk Qadın Parlamentarilərinin 1-ci Zirvə Görüşünün uğurla başa çatması qeyd edilib, gələcəkdə digər beynəlxalq tədbir və layihələrin də ŞKTC-də keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
R.Həsən TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas layihələr və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, Assambleyanın fəaliyyətdə olan sədri Yerlan Koşanovun rəhbərliyi ilə TÜRKPA 2026-cı il üçün mühüm, strateji və irimiqyaslı təşəbbüslər planlaşdırıb və bu işlərdə ŞKTC nümayəndə heyətinin fəal iştirakı gözlənilir.
Öz növbəsində Məclis sədri Ziya Öztürkler TÜRKPA tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, ŞKTC-nin türk millətinin ayrılmaz bir parçası olduğunu vurğulayıb, Türk dünyası ilə əlaqələrin genişləndirilməsinin və qarşılaşdıqları məsələlərin beynəlxalq hüququn normaları çərçivəsində həllinə yönəlmiş TÜRKPA fəaliyyətinin əhəmiyyətini qeyd edib. Məclis sədri, həmçinin ŞKTC-yə göstərilən diqqətin ardıcıl və davamlı olacağına inamını ifadə edib.
Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri və birgə fəaliyyət imkanları da müzakirə olunub.
Bakı 






