Ukrayna üçün ədalətli sülh yalnız heç bir öncədən qoyulmuş şərt olmadan müharibənin dayandırılması və döyüşlərin hazırkı təmas xətti boyunca yekunlaşması deməkdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Sky News"a müsahibəsində bildirib.
Sırski vurğulayıb ki, Ukraynanın öz ərazisini güzəştə getməsi barədə hər hansı təklif qəbuledilməzdir.
“Bizim üçün torpaq vermək mümkün deyil. Bu nə deməkdir, öz torpağını təhvil vermək? Biz elə bunun üçün döyüşürük ki, ərazilərimizi itirməyək”, - deyə o qeyd edib. Baş komandanın sözlərinə görə, hazırda əsas prioritet “Ukrayna torpağını, dövləti və əhalini qorumaqdır”.
O, xüsusilə vurğulayıb ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin tam şəkildə Rusiyaya verilməsi ideyası belə onun üçün “tamamilə yolverilməzdir”.
Sırski hesab edir ki, müharibənin sonu yalnız ədalətli sülhlə mümkün ola bilər:
“Ədalətli sülh əvvəlcədən şərt qoyulmadan, ərazi itkisi olmadan sülh deməkdir. Bu o deməkdir ki, döyüşlər hazırkı təmas xətti boyunca dayandırılmalıdır”.
Onun sözlərinə görə, şərtsiz atəşkəs elan olunmalı, ardınca danışıqlar başlamalıdır:
“İstənilən başqa format ədalətli sülh sayıla bilməz və bizim üçün qəbuledilməzdir”, - Sırski bildirib.
Bakı 



