"ABŞ-nin 28 bəndlik sülh planı əslində 10 aydan bəri Donald Tramp və onun komandasının səsləndirdiyi fikirlərin məcmusudur".
Bunu politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert vurğulayıb ki, bu planda siyasi, iqtisadi, nüvə, təhlükəsizlik, ərazi məsələləri, hətta amnistiya məsələləri əks olunub:
"Yəni müharibədə törədilmiş cinayətlərə görə amnistiya veriləcək. O halda Rusiya rəhbərliyi barədə Beynəlxalq Cinayət Məhkəməsinin qərarı necə olacaq?”
Müsahibimiz hesab edir ki, Ukrayna savaşdan bu yana növbəti dəfə çox çətin sınaq qarşısındadır. Dediyinə görə, bu dəfə prezident Volodimir Zelenskinin də dediyi kimi "ya azadlıq və ləyaqəti, ya da özünün əsas müttəfiqi ABŞ-nin dəstəyini itirməlidir". Ekspert deyir ki, düzdür, ABŞ-nin son dönəmlərdə dəstəyi azalsa da, tamamilə kəsilməmişdi. Amma Kiyev hökumətinə yönəlik təzyiqlər davam etdirilirdi:
“ABŞ-nin Ukraynaya təhdidləri fonunda Zelenskinin mövqeyini yumşaltdı və Vaşinqtonlar konstruktiv məcrada danışıqlara getdi. Hazırda Volodimir Zelenski çalışır ki, Donald Trampı çox qıcıqlandırmadan, əsəbləşdirmədən mümkün qədər prosesi uzatsın və vaxt qazansın. Düzdür, Tramp Zelenski hökumətinə noyabrın 27-dək vaxt verib. Amma xatırlayırsızsa, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinə də bir neçə dəfə vaxt vermişdi və nəticə olmamışdı".
.jpg)
Oqtay Qasımov: Trampın sülh sənədi özündə kifayət qədər ağır şərtləri ehtiva edir
Həmsöhbətimiz vurğulayıb ki, hər halda Avropa İttifaqına üzv olan aparıcı dövlət rəhbərlərinin də rəyləri Tramp üçün önəm daşıyır:
"Aralarında fikir ayrılıqları olsa da, ABŞ və Avropa ölkələri NATO çərçivəsində birlikdə fəaliyyət göstərirlər. Trampın sülh sənədi özündə kifayət qədər ağır şərtləri ehtiva edir. Hətta bəzi ekspertləri bu sənədi 1938-ci ildə Münhen konfransında Adolf Hitlerə edilən güzəştlərlə eyniləşdirirlər. Ancaq onu da qeyd edirlər ki, bu güzəştlər Rusiyanı dayandırmayacaq”.
O.Qasımov Rusiyanın üzərinə müəyyən öhdəliklər qoyulduğunu da deyir:
“Məsələn, Rusiya öz qanunvericilik aktlarında dəyişiklik etməli, qonşulara hücum etməyəcək, NATO ilə savaşa girməyəcək və s. Axı belə təhlükəsizlik zəmanəti 1994-cü ildə də verilmişdi və Ukraynanın əlindən nüvə başlıqları alınmışdı. Nəticə nə oldu? "Təhlükəsizlik təminatçısı"ndan biri olan Rusiya özü Ukrayna ərazisinə təcavüz etdi. Faktiki olaraq, hazırda 20 faiz ərazi Rusiya tərəfindən işğal altındadır".
Aydın Baxış
Bakı 



