Ukrayna müharibədən sonra ölkənin yenidən qurulmasını Türkiyəyə təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Türkiye” nəşri məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Kiyevdəki səfirliyinin rəsmiləri və Ukraynanın İcmaların və Regionların İnkişafı Nazirliyinin nəzdində fəaliyyət göstərən İnfrastrukturun İnkişafı və Yenilənməsi üzrə Dövlət Agentliyinin rəsmiləri türk şirkətlərinin Ukraynada həyata keçirdikləri layihələri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Ukrayna rəsmiləri bildiriblər ki, ölkənin yenidən qurulması prosesinin planlaşdırılması davam edir və bu il həyata keçiriləcək bəzi təxirəsalınmaz layihələr üçün aprel və may aylarında tenderlərin keçirilməsi gözlənilir.
O da gündəmə gətirilib ki, İnfrastrukturun İnkişafı və Yenilənməsi Dövlət Agentliyinin qarşısında duran əsas prioritet məqsəd avtomobil yollarında mövcud gömrük qapılarının yenilənməsi, yenilərinin tikintisi və ölkə ərazisində qüvvədə olacaq ödənişli avtomobil yolları sisteminin yaradılmasıdır. Ukrayna tərəfi bu kontekstdə 2025-ci ildə tenderin keçirilməsinin planlaşdırıldığını açıqlayıb. Ukrayna rəsmiləri 2025-ci ildə həyata keçirilməsi planlaşdırılan digər mühüm layihələrlə bağlı da Türkiyə tərəfinə sənəd təqdim edib. Sənəddə bəzi enerji və enerji səmərəliliyi layihələri, sosial ev layihələri və su təchizatı layihələrinin olduğu bildirilir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski ötən həftə Ankarada görüşüb. Ərdoğan Türkiyə şirkətlərinin Ukraynaya müharibənin dağıntılarının aradan qaldırılmasında dəstək verməyə hazır olduqlarını Zelenskiyə bildirmişdi./Qafqazinfo